Məzmuna keç

Bu il Probasiya Xidmətinin qeydiyyatında olan şəxslərin sayı 7,2% artdı

“Ədliyyə Nazirliyinin Probasiya Xidməti qarşısında qoyulan vəzifələr uğurla həyata keçirilməkdədir, qısa müddət ərzində bir sıra müsbət nəticələr əldə olunub. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2016-cı illə müqayisədə 2017-ci ildə məhkəmələr tərəfindən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslərin sayı 5,3%, 2018-ci ildə isə 8,4% azalıb”.

E-huquq.az-ın məlumatına görə, bunu Probasiya Xidmətinin rəis müavini Musa Hümbətov bildirib.

Onun sözlərinə görə, bu tendensiya 2019-cu ildə də da davam edib. Eyni zamanda penitensiar müəssisələrdə və istintaq təcridxanalarında saxlanılan şəxslərin sayı azalıb: "Probasiya Xidmətinin 2018-ci ildə qeydiyyatına götürülmüş şəxslərin sayı 24,3% artıb. 2019-cu ildə də artım tendensiyası davam edib, Probasiya Xidmətində 9,1% çox məhkum qeydiyyata alınıb. Bu ilin 7 ayında da Probasiya Xidmətinin qeydiyyatında olan şəxslərin sayı yenə də 7,2% artıb. Aparılan təhlil göstərib ki, əgər 2018-ci ilin birinci yarısında ölkə əhalisinin 100 min nəfərinə probasiya qeydiyyatında duran 159,7 nəfər düşürdüsə, 2019-cu ilin müvafiq dövründə bu göstərici artaraq 170,2 nəfər təşkil edib.

Qanunvericilikdə baş vermiş dəyişikliklər və Azərbaycan Prezidentinin tapşırıqlarının yerinə yetirilməsi azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların, o cümlədən ictimai işlər növündə cəzanın və inzibati tənbehin icrasına nəzarətin yaxşılaşdırılmasını təmin edib, cərimə cəzası üzrə ödənişlərin və islah işlərini çəkən məhkumlarım qazancından tutulmaların məbləği əhəmiyyətli dərəcədə artıb”.