Bu gün Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədr müavini Aydın Axundovun doğum günüdür.
E-huquq.az-ın məlumatına görə, Aydın Axundovun 70 illik yubileyi qeyd olunur.
Aydın Axundov 9 noyabr 1956-cı ildə Kürdəmir şəhərində anadan olub. 1979-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
Əmək fəaliyyətinə hüquqşünas kimi başlayan Aydın Axundov 1981-ci ildə Bakı şəhəri 5 saylı hüquq məsləhətxanasında təcrübə keçib və həmin ildən Vəkillər Kollegiyasının üzvü olub.
O, 2004-cü ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədr müavini vəzifəsini icra edir.
Aydın Axundov 2021-2026-cı illərdə Hakimlərin Seçki Komitəsinin üzvü olub.
Uzunmüddətli və səmərəli fəaliyyətinə görə Aydın Axundov Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
O, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən “Fəxri Fərman”, “Fəxri Vəkil” və “Yubiley döş nişanı” ilə təltif olunub, habelə “Fəxri Hüquq Doktoru” adına layiq görülüb.
E-huquq.az kollektivi Aydın Axundovu 70 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, ailə səadəti, uzun ömür və vəkillik fəaliyyətində yeni uğurlar arzulayır!
