Məzmuna keç

Hakimlərin maaşlarının artırılması ilə bağlı qanun lahiyəsi müvafiq orqana təqdim edilib

Hakimlərin maaşlarının artırılması ilə bağlı qanun lahiyəsi müvafiq orqana təqdim edilib

“Mənim fikrimcə hakimlərin maaşı digər dövlət qulluqçuları ilə yanaşı artırılmalıdır və onlardan fərqlənməlidir. Bəzi mütəxəssislər hesab edir ki, hakim də dövlət qulluğunda çalışan bir şəxsdir. Onun maaşı digər dövlət qulluqçularından fərqlənməməlidir. Bu, yanlış bir fikridir. Hakimin maaşı əhəmiyyətli dərəcədə fərqlənməlidir”.

Bunu e-huquq.az-a açıqlamasında Yasamal Rayon Məhkəməsinin hakimi, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti Ramin Qurbanov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda 500-dən artıq hakim fəaliyyət göstərir: “Düşünürəm ki, onların maaşları 4-5 dəfə artırılmalıdır. Bu, dövlət büdcəsinə də o qədər yük olmayacaq. Azərbaycanda ilk dəfə təyin edilmiş hakim ən azı 5 min manat maaş almalıdır. Həmin yüksək məvacib hakimə verildiyi hala, ondan keyfiyyətli iş tələb edilməlidir. Bundan başqa, mütərəqqi bir addım oldu ki, ölkədə hakimlərin sayı 200 nəfər də artırıldı. Bu da hakimlərin iş yükünü azaldacaq. Yüksək maaş alan hakimlərdən yüksək keyfiyyətli işi tələb etmək mümkün olacaq”.

R.Qurbanov deyib ki, hakimlərin maaşlarının artırılması ilə bağlı qanun lahiyəsi artıq müvafiq orqana təqdim edilib: “Burada Maliyyə Nazirliyindən də çox şey aslıdır. Onların da müsbət rəyi olmalıdır ki, hakimlərin məvacibləri kəskin artırılsın. Əgər hakimlərin maaşları kəskin artırılmasa, az artım olarsa, inanmıram ki, məhkəmələrdə keyfiyyətə təsir edəcək. Hakimlər digər dövlət qulluqçularından tamamilə fərqlənməlidir. Avropa Şurasının da tövsiyəsi var ki, hakimin müstəqilliyinin əsas amillərindən biri onların sosial rifahının yüksək olmasıdır. Hesab edirəm ki, hakimin düzgün məvacibi verilsə, təlimlərə mütəmadi cəllb edilsə, onlarla bağılı şikayətlər sıfra enəcək”.