Məzmuna keç

Azərbaycanda ailə problemlərini araşdıran ixtisaslaşmış məhkəmənin yaradılması təklif edilir

Azərbaycanda nikahın pozulması halları çox olduğuna görə, bu sahədə məhkəmə işlərinin sayı artmaqdadır

“Azərbaycanda nikahın pozulması halları çox olduğuna görə, bu sahədə məhkəmə işlərinin sayı artmaqdadır. Bu baxımdan ailə münasibətləri sahəsində də ixtisaslaşmaya ehtiyac var".

Bunu e-huquq.az-a amıqlamasında Yasamal Rayon Məhkəməsinin hakimi, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti Ramin Qurbanov deyib.

R. Qurbanov deyib ki, beynəlxalq təcrübədə ailə münasibətləri ilə bağlı ixtisaslaşmış məhkəmələr mövcuddur: "Ayrı məhkəmə olmasa da, ən azı məhkəmə daxilində bu ixtisaslaşma olmalıdır. Məsələn, Sinqapur kimi xırda bir ölkədə 3 məhkəmə fəaliyyət göstərir ki, onlardan biri də ailə məsələlərinə baxan ixtisaslaşmış məhkəmədir. Daha təmkinli, psixolioq kimi fəaliyyət göstərən hakimlər ora təyin olunur".

Onun sözlərinə görə, Azərbaycanda ailə münasibətləri ilə bağlı mübahisələrin böyük əksəriyyəti Bakı şəhəri ilə bağlıdır.

"Hesab edirəm ki, Bakıda belə bir məhkəmənin yaradılması Azərbaycanın bu sahədə beynəlxalq müqavilələrin icrası baxımından nüfuzuna çox böyük təsir edəcək. Ən azı məhkəmələrdə bu sahə ilə bağlı hakimlər arasında ixtisaslaşma aparılmalıdır” – deyə, R. Qurbanov qeyd edib.