“Cənab Prezident İlham Əliyevin 2018-ci ilin aprelində keçirilən prezident seçkilərindən sonra həyata keçirdiyi islahatlar Azərbaycan dövlətlətçiliyinin güclənməsi, iqtisadi-maliyyə sisteminin möhkəmlənməsi, xalqımızın həyat səviyyəsinin daha da yaxşılaşmasına xidmət edən dərinləşmiş bir siyasətdir. Bildiyimiz kimi, bir neçə gün bundan öncə sosial xarakterli sərəncam toplusu cənab Prezident tərəfindən imzalandı. Bu sərəncamlar xalqımızın həyat səviyyəsinin yüksəldilməsində, sosial problemlərin həll edilməsində inqilabi bir addım oldu”.
Bunu e-huquq.az-a açıqlamasında Ana Vətən Partiyasının sədri, deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı deyib.
F. Ağamalı bildirib ki, dünənki kadr dəyişikliyi idarəetmə sisteminin təkmilləşməsi istiqamətində ölkə Prezidentinin atmış olduğu addımların tərkib hissəsidir: “Dövlətçiliyimizdə sınaqdan çıxmış, bütün imkanları ilə Azərbayacan dövlətçiliyinə xidmət edən generallarımıza yeni vəzifələr tapşırıldı, onlara yeni etimad göstərildi.
Ramil Usubovun uzun illər boyu Daxili İşlər naziri kimi Azərbaycan dövlətçiliyi qarşısında ciddi xidmətləri var. O, ölkəmizdə sabitliyin qorunub-saxlanmasında hər zaman həm ulu öndərimizin, həm də cənab Prezidentimizin tapşırıqlarını peşəkarlıqla yerinə yetirmiş və daxili işlər orqanlarının formalaşmasında mühüm rol oynayıb. Ramil Usubovun birinci müavini kimi Vilayət Eyvazov hüquq-mühafizə sisteminin peşəkar generalı kimi özünü təsdiq etmişdir. Onun bu vəzifəyə gəlişi gözlənilən idi. Yəni, nə zamanda Daxili işlər naziri vəzifəsini icra etmək üçün ona etimad göstərilə bilərdi. Bunu hər birimiz normal qarşıladıq və təbii ki, o, bu vəzifəyə layiqdir”.
Deputat Əli Nağıyev və Mədət Quliyevin də yeni vəzifəyə təyin olunmasına münasibət bildirib.
“Əli Nağıyev yüksək intelekti olan peşəkar əməliyyatçıdır. O, uzun illər təhlükəsizlik sistemində çalışan və böyük təcrübə qazanan generaldır və həm də dövlətçiliyimizə, ulu öndərin ideyalarına sadiq bir şəxsdir. Onun bu vəzifəyə gəlməsi, hesab edirəm ki, çox uğurlu bir təyinat oldu. Çünki o, təpədən-dırnağa qədər əməliyyatçı və ömrünün böyük hissəsini dövlət təhlükəsizlik xidmətlərinə həsr edən generaldır. Mədət Quliyev də Azərbaycanda dövlətinə sadiq olan generallardandır. İşlədiyi zaman kəsiyində həmişə dövlətçiliyə xidməti özünə şərəf bilərək, bütün tapşırıqları peşəkarlıqla yerinə yetirib. Hətta o, Azərbaycan dövlətçiliyi uğurunda gedən döyüşlərdə yaralanıb, Milli Qəhrəman səviyyəsinə qədər yüksəlib. Mədət Quliyevin təyinat aldığı yeni vəzifəsi yetərincə məsuliyyətli vəzifədir. Ölkəmizin müdafiə sənayesinin daha da güclənməsinə əminəm ki, o, öz töhfəsini verəcək.
Bir sözlə, ölkə Prezidentinin təyinatlarını çox yüksək qiymətləndirirəm, vəzifəyə təyin olunanların hər birini təbrik edirəm və ümidvaram ki, cənab genreallarımız bundan sonra da bütün imkanlarını dövlətçiliyimizin güclənməsinə, müstəqilliyimizin qorunub saxlanmasına həsr edəcəklər”- deyə, F. Ağamalı qeyd edib.
