Azərbaycan və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) 2027-ci ildə Bakıda keçiriləcək İƏT sammitinə hazırlığı və ölkənin təşkilata qarşıdakı sədrliyini müzakirə ediblər.
E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə olan İƏT-in baş katibi İsmayıl Ould Şeyx Əhmədlə görüşünün yekunlarına dair “X” sosial şəbəkəsində yazıb.
Bayramov baş katibi təyinatı münasibətilə bir daha təbrik edib və ona bu vəzifədə uğurlar arzulayıb.
“Biz Azərbaycan və İƏT arasında əməkdaşlığın gücləndirilməsi, ölkəmizin təşkilatda qarşıdan gələn sədrliyinin prioritetləri və 2027-ci ildə Bakıda keçiriləcək İƏT sammitinə hazırlıq barədə fikir mübadiləsi apardıq”, – XİN rəhbəri qeyd edib.
O, həmçinin İƏT-in Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə göstərdiyi uzunillik dəstəyə görə minnətdarlığını bildirib.
“Biz təşkilatın səmərəliliyinin artırılmasına və müsəlman dünyasının qarşılaşdığı çağırışlara cavab vermək imkanlarının gücləndirilməsinə yönəlmiş institusional islahatların vacibliyini vurğuladıq”, – Bayramov qeyd edib.
Tərəflər İƏT-ə üzv dövlətlər arasında həmrəyliyi gücləndirməyə və dialoq, əməkdaşlıq və kollektiv fəaliyyət vasitəsilə ümumi prioritetləri irəli sürməyə hazır olduqlarını təsdiqləyiblər.
