Məzmuna keç

Pakistan səfiri: “Azərbaycanın özünümüdafiə hüququnu dəstəkləyirik” –

Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bilal Hayenin e-huquq.az-a müsahibəsi:

Cənab səfir, hazırda Azərbaycan və Pakistan arasındakı mövcud əlaqələri necə qiymətləndirirsiniz?

– Pakistan və Azərbaycan əlaqələri möhkəm təməl üzərində qurulub. Biz Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biriyik. İkitərəfli əlaqələrimiz ortaq dini inanca və mədəni irsə, qlobal və regional mövzularda paylaşılan fikirlər və beynəlxalq forumlarda sıx əməkdaşlığımızla xarakterizə edilir. Hər iki dövlətin ticarət, müdafiə və insanlar arasındakı münasibətlərə xüsusi diqqət yetirərək, bu qardaşlıq əlaqələrini daha da dərinləşdirmək və gücləndirmək üçün böyük bir istəyi mövcuddur. Hindistanın qanunsuz olaraq işğal etdiyi Cammu və Kəşmir problemi ilə bağlı Pakistanın prinsipial mövqeyinin Azərbaycan tərəfindən ardıcıl dəstəyini qazanmağımıza görə şanslıyıq. Pakistan Hindistanın qanunsuz olaraq işğal etdiyi Cammu və Kəşmirin xüsusi statusu haqqında 370 və 35A maddələrinin ləğvi üçün Hindistanın qanunsuz və birtərəfli qərarı ilə əlaqədar olaraq Azərbaycanın Xarici İşlər Nazirliyinin verdiyi bəyanatı yüksək qiymətləndirir.

Azərbaycanın və Pakistan arasındakı hərbi əməkdaşlığının genişləndirilməsi barədə nə deyə bilərsiniz?

– İki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq möhkəmdir. Diplomatik münasibətlər qurulduğu gündən bəri silahlı qüvvələr arasında tez-tez hərbi mübadilə olub. Hər iki ölkə müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün müqavilələr imzalayıb. Hərbi əməkdaşlıq üzrə Birgə İşçi Qrup hər iki ölkənin hərbi sahədə əməkdaşlıq edə biləcəyi yeni layihələri müəyyən etmək üçün müntəzəm olaraq bir araya gəlir. Azərbaycan hərbi qulluqçularına Pakistan hərbi təhsil müəssisələrində müntəzəm təlim kursları təklif olunub. Müdafiə orqanlarımız müdafiə vasitələrinin inkişafı və saxlanmasında texniki dəstəklərini də təklif ediblər. Hər iki ölkə müvafiq ölkələrdə müdafiə ilə əlaqəli beynəlxalq sərgilərdə iştirak edir və yüksək səviyyəli müdafiə rəsmiləri arasında müntəzəm olaraq yüksək səviyyədə qarşılıqlı əlaqə mövcuddur.

Dağılıq Qarabağ münaqişəsi ilə bağlı hər zaman Pakistandan tam dəstək görmüşük və Azərbaycan xalqı bunu yüksək qiymətləndirir…

– Pakistan Dağlıq Qarabağ münaqişəsinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun həllini dəstəkləyir. Dağlıq Qarabağ bölgəsindəki son vəziyyətə gəldikdə isə, xatırladım ki, Pakistan Xarici İşlər Nazirliyi Azərbaycana dəstək bəyanatı ilə çıxış edib. Ermənistanın təcavüzündən sonra Azərbaycanın özünümüdafiə hüququnu da dəstəkləyirik. Hesab edirik ki, bu münaqişədə iştirak edən tərəflər, BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğun olaraq məsələni diplomatik yollarla həll etmək üçün bütün məsələləri araşdırmalıdırlar.

Cənab səfir, ölkələr arasındakı ticarət dövriyyəsinin həcmi və qarşılıqlı turist səfərlərinin sayı sizi qane edirmi?

– Pakistan və Azərbaycan ortaq inanc, mədəni dəyərlər və ticarət sahəsindəki tarixi əlaqələrinə görə bir-birinə çox yaxındır. Hazırda mövcud ikitərəfli ticarət isə həqiqi potensialından çox aşağıdır. İqtisadi əlaqələri inkişaf etdirmək üçün Pakistan Ticarət Nazirliyi arasında ikitərəfli investisiya əməkdaşlığının inkişafı üçün xüsusi İşçi Qrupu yaradıldı. Bildiyimiz kimi, Azərbaycan geyim və əczaçılıq məhsulları üçün bölgədəki ən böyük istehlak bazarlarından biridir. Eyni zamanda Pakistan və Azərbaycan arasında Azərbaycandan təbii qazın idxalı ilə bağlı davamlı dialoqlar da mövcuddur.

Turizm sahəsinə gəldikdə isə, deyə bilərəm ki, keçən il 40 mindən çox pakistanlı Azərbaycana səfər edib. Pakistana gələn azərbaycanlı turistlərin sayı o qədər də çox deyil, baxmayaraq ki, Pakistanda böyük turizm potensialı mövcuddur. Hazırda, hər iki tərəfdən turizmi asanlaşdırmağa kömək edəcək və ikitərəfli ticarəti inkişaf etdirəcək ölkələrimiz arasında birbaşa uçuşların başlaması üçün Azərbaycan rəhbərliyi ilə danışıqlar aparırıq

Pakistanlı iş adamlarını Azərbaycanda daha çox hansı sahələr cəlb edir?

Pakistanlı iş adamları üçün Azərbaycan bazarında xüsusilə idman malları, dəri sənayesi, əczaçılıq, cərrahi alətlər, enerji, yüngül kənd təsərrüfatı avadanlığının istehsalı və kənd təsərrüfatı məhsullarında əlavə dəyər kimi sahələrdə böyük potensial var. Eyni zamanda təhsil sektorunu da bura əlavə etmək olar.

Son zamanlar Pakistan vətəndaşlarının Azərbaycana səfərində əvvəlki illərə nisbətən xeyli artım müşahidə edilir. Pakistanlılar ölkəmizdə nə kimi problemlərlə qarşılaşırlar? Bununla bağlı sizə hər hansı müraciətlər daxil olurmu?

– Azərbaycan Pakistan üçün qardaş bir ölkədir. Azərbaycanla əla münasibətlərimiz yalnız liderlik səviyyəsi ilə məhdudlaşmır, bizim münasibətlərimiz daha dərin köklərə bağlıdır. İki ölkənin xalqları arasında qarşılıqlı hörmət, sevgi və isti münasibət var. Ümumiyyətlə, pakistanlı turist üçün böyük problemlər olmur, lakin bir neçə dəfə kömək üçün Azərbaycan rəsmilərindən öz vətəndaşlarımızla bağlı dəstək almışıq. Dəyə bilərəm ki, Azərbaycanla mükəmməl əməkdaşlığımız mövcuddur, pakistanlı turist üçün ən çox seçilən yerlərdən biri də məhz Azərbaycandır.

Aynur Kazımova