Məzmuna keç

Azərbaycanda beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərə hazırlıq keçməsinə dair sənəd veriləcək

Beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərə hazırlıq keçməsinə dair sənəd veriləcək

Azərbaycanda beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərə hazırlıq keçməsinə dair sənəd veriləcək.

E-huquq.az xəbər verir ki, bununla bağlı “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

Belə ki, qanun layihəsinin 50.5-ci bəndi yeni redaksiyada verilir: “Operatorun məsul şəxsi (şəxsləri), habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülər müvafiq icra hakimiyyəti orqanı tərəfindən peşəkarlıq səriştəsinə dair təsdiq olunmuş proqram üzrə hazırlıq və yenidən hazırlıq keçməlidir. Hazırlığın keçirilməsi qaydası və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Hazırlıq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilir və keçirilir. Tədrisin nəticələrinə əsasən operatorun məsul şəxsinə və ya sürücüyə forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş sənəd verilir”.

Bundan əlavə, qanun layihəsinə aşağıdakı kimi yeni – 55.6-cı bənd əlavə edilir:

Operatorun işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarları, sürücülərin hazırlıq səviyyəsinə dair tələblər, habelə operatorların uçotunun aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və ya yük daşımalarına buraxılış qaydaları ilə müəyyən edilir.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılıb və I oxunuşda qəbul edilib.

Mənbə: APA