Məzmuna keç

Moldova Rusiya diplomatını ölkədən çıxarmaq qərarına gəldi

Moldova hakimiyyəti ölkə ərazisinə pilotsuz uçuş aparatının (PUA) düşməsi ilə əlaqədar Rusiyanın Kişineudakı səfirliyinin əməkdaşlarından birini ölkədən çıxarmaq qərarına gəlib.

E-huquq.az xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qərar Telenesti rayonunun Kiştelnitsa kəndində partlayıcı maddə daşıyan PUA-nın yaşayış evindən təxminən 100 metr məsafəyə düşməsi ilə əlaqədardır.

“Moldova Xarici İşlər Nazirliyi ölkənin hava məkanının pozulmasını və Telenesti rayonunun Kiştelnitsa kəndində baş vermiş insidenti qətiyyətlə pisləyir”, – deyə nazirliyin bəyanatında qeyd olunub.

Moldova Baş Polis Müfəttişliyinin ilkin məlumatına görə, hadisə zamanı partlayış baş verməyib və xəsarət alan olmayıb.

Hadisədən sonra Rusiya səfirliyinin əməkdaşlarından birinin persona non grata – arzuolunmaz şəxs elan edilərək ölkədən çıxarılması qərara alınıb.