Məzmuna keç

Fərdiləşdirilmiş xərçəng peyvəndi xəstəliyin təkrarlanma riskini 42 faiz azaldıb

“Merck” və “Moderna” şirkətlərinin birgə hazırladığı mRNT xərçəng peyvəndi dəri xərçənginin müalicəsində ümidverici nəticələr göstərib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, “Autogene cevumeran” adlı peyvəndin “Keytruda” preparatı ilə birlikdə tətbiq edildiyi klinik sınaqlarda xərçəngin təkrarlanması və ya ölüm riski yalnız “Keytruda” ilə müalicə olunan xəstələrlə müqayisədə 42 faiz aşağı olub.

COVID-19 peyvəndlərində istifadə edilən mRNT texnologiyasına əsaslanan üsul hər bir xəstənin şişinin genetik xüsusiyyətlərinə uyğunlaşdırılır. Məqsəd immun sistemini xərçəng hüceyrələrini tanımağa və məhv etməyə yönəltməkdir.

Şirkətlər nəticələrdən sonra ABŞ Qida və Dərman Administrasiyasına (FDA) təsdiq üçün müraciət etməyə hazırlaşırlar. Oxşar yanaşmaların ağciyər və mədəaltı vəzi xərçəngi də daxil olmaqla digər xərçəng növlərində tətbiqi də araşdırılır.

Mütəxəssislər bu texnologiyanı xərçəng müalicəsində mühüm addım hesab edirlər. Bununla belə, peyvəndin geniş istifadəsi üçün əlavə qiymətləndirmə və tənzimləyici təsdiq tələb olunur.

Şəbnəm Mehdizadə