Məzmuna keç

Hakimi niyə qohumuna görə mühakimə edirlər? – Vəkildən ETİRAZ

Xəbər verdiyimiz kimi, paytaxtın Xətai rayonunda kafelərin birində “Ceyhun Sabunçu” ləqəbi ilə tanınan Ceyhun Mirağayevin ölümü ilə nəticələnən kütləvi davanın iştirakçıları hakim qarşısına çıxarılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

E-huquq.az xəbər verir ki, həbs edilənlərdən Əhməd Əlizadənin atası Milli Məclisin deputatı Arzuxan Əlizadə, qardaşı Orxan Əlizadə isə Xətai Rayon Məhkəməsinin hakimidir.

Hadisə ilə əlaqədar onların adlarının da ictimai müzakirələrdə hallanması və ünvanlarına tənqidi fikirlərin səsləndirilməsi diqqət çəkib.

Vəkillər Kollegiyasının üzvü Anar Mövsümoğlu sosial şəbəkə hesabında paylaşım edərək bu cür yanaşmanı tənqid edib. O, şəxsin törətməkdə ittiham olunduğu əmələ görə onun ailə üzvlərinin də qınanmasının düzgün olmadığını bildirib.

Vəkil vurğulayıb ki, qohumluq əlaqələri şəxslərin eyni mövqeyə, xarakterə və seçimlərə malik olması demək deyil. Onun sözlərinə görə, hər kəs öz əməlinə görə məsuliyyət daşıyır və bir şəxsin hərəkəti digərinin təqsiri kimi qiymətləndirilə bilməz.

“Qohumluq, cinayətin iştirakçılığı demək deyil. Bir ailədə böyüyən övladlar eyni kökdən gəlsələr də, bir çox hallarda eyni insan olmurlar. Eyni evdə yaşamaq, eyni valideynlərin övladı olmaq insanlara eyni düşüncəni, eyni xarakteri, eyni seçimi vermir. Hər kəs dünyaya öz gözü ilə baxır, öz qərarını verir və öz yolunu seçir.

Ailə insanları bir-birinə bağlayır, amma birinin iradəsini digərinin iradəsinə çevirmir. Bir övladın seçdiyi yol o birinin yolu deyil; birinin əməli o birinin əməli deyil. Yetkin insanlar hər biri öz addımının müəllifidir və onun nəticəsinə görə də özü cavab verməlidir. Bir övlad digərinin əməlində iştirakçı olmadığı hallarda, onun əməlinə görə məsuliyyət daşıya bilməz.

Orxan Əlizadəni Bakı Ağır Cinayətlər Məhkəməsində hakim köməkçisi işlədiyim dövrdən tanımışam. Hakim olduqdan sonra heç vaxt onunla məhkəmə prosesim olmayıb. Bunu insanları bir-birinin qohumu olduqlarına görə eyniləşdirməmək üçün qeyd edirəm.

Hər hansı bir qohumun hərəkəti digər ailə üzlərinə kədər gətirə, onları üzə bilər. Amma bu kədər və üzgünlük özü-özlüyündə təqsir deyil, qohumluq da məsuliyyətdə iştirakçılıq demək deyil. Hər kəs öz adı, öz seçimi və öz əməli ilə qiymətləndirilməlidir.

Eyni ailədən olmaq eyni taleyi yaşamaq və eyni şəxs olmaq demək deyil. Hər kəs öz əməlinə görə cavabdehlik daşıyır. Hələ nəzər alsaq ki, ortada yalnız ilkin ittiham var və bununla bağlı hər hansı qanunu qüvvəsini almış məhkəmə hökmü mövcud deyil. Ancaq cəmiyyət adlı hakim yenə öz mühakiməsini aparıb, hökmünü çoxdan verib”, – deyə o qeyd edib.