Məzmuna keç

Müdafiə hüququ şəxsin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsi maraqlarının təminatıdır

Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın.

Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, yalnız bu şərtlərə riayət edildiyi halda məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə qanuni, ədalətli və əsaslı sayıla bilər.[1]

Məhkəmə təcrübəsinə müraciət etdikdə son zamanlar baxılan işlərin böyük həcmini təşkil edən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı ittihamlara baxılarkən yuxarıda göstərilən normalar məhkəmələrdən ibtidai istintaq zamanı toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb etdiyindən keçirilən məhkəmə istintaqının gedişində təqsirləndirilən şəxsin ifadəsini dinləməklə və şəxsi axtarışın videoyazısına baxmaqla kifayətlənməyərək, məhkəmədə bilavasitə tədqiq olunmuş digər sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi, ümumiyyətlə sübutların məcmusunun irəli sürülmüş ittihamın həlli üçün kifayətedənliyi üzrə qiymətləndirməklə təqsirləndirilən şəxsin əməllərinin tövsif edilməsi və həmin maddələr üzrə təqsirli bilinməsi üçün əsas verməsi haqqında nəticəyə gəlmək olar.[2]

Burada isə işin ən önəmli hallarından biri tutulmuş şəxsin müdafiə hüququnun pozulmasına qiymət verməkdir. Cinayət-prosessual qanunvericiliyində müdafiəçiyə müəyyən hərəkətlərin qadağan edilməsi Məcəllənin 92.11-ci və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 16-cı maddələrində nəzərdə tutulan vəkilin keyfiyyətli hüquqi yardımın göstərilməsi ilə bağlı vəzifələrinin lazımınca həyata keçirilməsinə, eləcə də müdafiə etdiyi şəxsin qanuni mənafelərinin qorunmasına xidmət edir. Bu müddəalar əsasən müdafiəçiyə şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı ilə aparılan prosessual hərəkətlərdə iştirakdan, habelə özbaşına müdafiədən imtina etmənin qadağan olunması ilə tənzimlənir.

Bununla belə son zamanlar məhkəmələrdə baxılan işlərdə belə tendensiya müşayiət olunur ki, şəxsi axtarış və götürmə barədə protokolda “keçirilmiş əməliyyat tədbiri zamanı” şəxsin müəyyən ərazidə saxlanılaraq polis bölməsində üzərində keçirilən axtarışın gedişində narkotik vasitə və ya psixotrop maddənin aşkar edilərək götürülməsi qeyd olunur, lakin protokola əsasən şəxsi axtarış istintaq hərəkətində müdafiəçi iştirak etmir. Halbuki şəxsi axtarış cinayət törətməkdə şübhəli şəxs qismində şəxsin tutulmasından, yəni CPM-in 90.11.2-ci maddəsində təsbit edilmiş “tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq” vəzifəsindən irəli gələrək aparılır və şübhəli şəxsin tutulması haqqında protokola görə bu prosessual hərəkətin yerinə yetirilməsində müdafiəçi qismində dəvət olunmuş vəkili iştirak edir. Buna baxmayaraq, cinayət işinin materiallarında tez-tez rast gəlinən kömpüterdə “Yazıb Sizə bidirirəm ki, üzərimdə aşkar edilmiş narkotik vasitə ilə bağlı keçiriləcək videoçəkiliş zamanı vəkilin iştirakından imtina edirəm” məzmununda ərizə tərtib edilməklə şəxsi axtarış keçirilərkən müdafiəçinin iştirakı təmin edilmir. Bununla belə elə cinayət işinin materiallarından göründüyü kimi şəxsi axtarış keçirilən gün şəxsin polis bölməsində ərizə ünvanlayaraq maddi vəziyyəti ilə əlaqədar hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına müdafiəçi dəvət etməyi xahiş edilir, ərazi üzrə vəkil bürosunun vəkili ona təqdim olunduqda da onun tərəfindən “cinayət prosesində hüquqlarının müdafiə olunmasını istədiyini” bir daha bəyan edilir və şəxsi axtarış istisna olmaqla, barəsində keçirilən başqa istintaq və prosessual hərəkətlərinin heç birində, o cümlədən həmin gün şəxsi axtarışdan bilavasitə sonra izahatı və bir çox hallarda ertəsi gün şübhəli şəxs qismində ifadəsi alınarkən oxşar məzmunda ərizə ilə müraciət etməsi halları müəyyən edilmir. Bu isə ona dəlalət edir ki, artıq “aşkar edilmiş narkotik vasitə”dən və “videoçəkiliş”dən bəhs edən qeyri-müəyyən məzmunlu, cinayət prosesinə buraxılmış müdafiəçinin bilavasitə iştirakı olmadan kömpüterdə hazırlanan ərizə müdafiəçinin “şəxsi axtarış” adlanan istintaq hərəkətində iştirak edib-etməməsi ilə bağlı şübhəli şəxsin öz iradəsini həqiqi ifadə etməsini şübhə altına alır. Burda məlum olur ki, şəxsi axtarış protokolunda qeyd olunan “daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində” saxlanılıb polis bölməsinə gətirilməsinə dair məlumatla protokolu tərtib etmiş təhqiqatçının özünün, şəxsin, şahidlərin əksər hallarda məhkəmədə verdikləri məlumatların, habelə əməliyyat-axtarış tədbirinin təşkilinə dair cinayət işində olan sənədlərin məzmunlarının uzlaşmaması səbəbindən də həmin protokolun qanunauyğunluğu şübhə doğurur.

Belə ki, şəxsi axtarış istintaq hərəkətində müdafiəçinin iştirak etmədiyi hallarda nə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında qərardan, nə əməliyyat qrupunun yaradılması barədə əmrdən, nə də ki, həmin əmrlə əməliyyat qrupunun rəhbəri təyin olunmuş şəxsin raportundan “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilən əməliyyat-axtarış tədbirlərindən konkret olaraq hansı birinin keçirildiyi görünmür (raporta görə əməliyyat qrupunun fəaliyyəti ondan ibarət olur ki, şəxsin … ərazisində olduğu yer müəyyən edilərək o, … tarixdə …saatda … ərazidə saxlanılmış və polis şöbəsinə gətirilmişdir). Məhkəmənin təxirəsalınmaz qaydada keçirilmiş əməliyyat-axtarış tədbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasına dair qərarında da qanuniliyi yoxlanılan əməliyyat-axtarış tədbirin hansı tədbir olduğu göstərilmir, bununla belə “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərar qanuni hesab edilir. [3]

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarında göstərilmişdir ki, “məhkəmə nəzarəti yalnız CPM-in 445.1-ci maddəsində və 728-IQ nömrəli Qanunun 10-cu maddəsinin III hissəsində dəqiq müəyyən olunmuş əməliyyat-axtarış tədbirlərinə münasibətdə, məhz bu tədbirlərin keçirilməsi üçün məhkəmə qərarının alınmasına dair əməliyyat-axtarış fəaliyyəti subyektinin (səlahiyyətli şəxsin) vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında vəsatətin təmin edilməsi üçün əsasların müəyyən edilməsindən asılı olaraq – müvafiq tədbirin keçirilməsinə və yaxud bundan imtina edilməsinə dair məhkəmə qərarı çıxarılmaqla, əməliyyat-axtarış tədbiri məhkəmə qərarı olmadan əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin qərarı əsasında keçirildikdə – həmin qərarın və keçirilmiş tədbirin qanunauyğunluğunun sonradan yoxlanılması yolu ilə həyata keçirilməlidir… Cinayət işlərinə mahiyyəti üzrə baxan məhkəmələr isə məhkəmə nəzarətinin bu bənddə əksini tapmış hüquqi mövqelərə uyğun şəkildə həyata keçirilib-keçirilmədiyinə diqqət yetirməli, məhkəmə nəzarəti lazımınca həyata keçirilmədiyi hallarda müvafiq sübutların mümkünlüyü məsələsini xüsusi səylə araşdırmalı, lakin heç bir halda əməliyyataxtarış tədbiri ilə əlaqədar məhkəmə nəzarətinin həyata keçirilməsi faktına (müvafiq məhkəmə qərarının olmasına) özü-özlüyündə əməliyyat-axtarış tədbiri gedişində əldə olunaraq cinayət təqibi orqanı tərəfindən sübut kimi qiymətləndirilmiş materialın CPM-in 125-ci maddəsinin və digər normalarının tələbləri baxımından yolverilən olmasına dəlalət edən, məhkəməni hər bir sübutu aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək vəzifəsindən azad edən əsas kimi istinad etməməlidirlər.” (31-ci b.)[4]

Həmin Plenum qərarında şübhəli şəxsin tutulmasının müvafiq protokolla rəsmiləşdirilməsi zamanı müdafiəçi qismində dəvət olunaraq iştirak etmiş vəkilin şübhəli şəxsin üzərində aparılan şəxsi axtarışın gedişində iştirak etməməsinin məhkəmələr tərəfindən aşkar edildiyi halda müvafiq qiymət verilməsi tövsiyə olunmuşdur: “Şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalması CPM-in 90.11.2- ci maddəsində hər bir tutulma halını müşayiət edən şübhəli şəxsin daşıdığı vəzifə olaraq təsbit edildiyindən, müdafiəçinin tutulmanın rəsmiləşdirilməsində iştirak etməsi onun bundan sonra həyata keçirilən (tutulma üzrə prosedurun tərkib elementi kimi çıxış edən, bir növ onun davamı olan) şəxsi axtarışda da iştirakını qaçılmaz edir. Odur ki, cinayət işlərinə məhkəmədə baxılarkən şübhəli şəxs qismində tutulmaya dair protokolun tərtib edilməsi zamanı iştirak etmiş (protokolu imzalamış) müdafiəçinin hər hansı səbəbdən, o cümlədən təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxsin şübhəli şəxsdən aldığı yazılı razılıq əsasında şəxsi axtarışda iştirak etməməsi kimi hallar müəyyən edildikdə, məhkəmələr bunu şübhəli şəxsin müdafiə hüququnun və müvafiq istintaq hərəkətinin aparılması qaydalarının pozuntusu kimi qiymətləndirməli və bundan irəli gələrək CPM-də nəzərdə tutulmuş hüquqi vasitələrlə (məsələn, vəkilin bu şəkildə şübhəli şəxsin müdafiəsindən imtina etməsi haqqında Azərbaycan Respublikasının Vəkillər Kollegiyasını məlumatlandırmaqla, icraatı aparan təhqiqatçı, müstəntiq barədə xüsusi qərar çıxarmaqla) həmin pozuntuya münasibətini bildirməlidirlər. Faktiki tutulub saxlanılmış şübhəli şəxsin müdafiəçisi olduqda və yaxud CPM-in 92.3-cü maddəsində göstərilən əsasların olmasına görə ona təqdim edilmək üçün vəkil dəvət olunduqda, yalnız CPM-in 92.12-ci maddəsində nəzərdə tutulmuş qaydada şübhəli şəxsin müdafiəçidən və yaxud müdafiəçi qismində təqdim olunması üçün dəvət olunmuş vəkildən imtina etməsi və bu imtinanın qəbul edilməsi halında şübhəli şəxsin tutulmasının tutulma protokolu ilə rəsmiləşdirilməsində, müvafiq olaraq da şübhəli şəxsin barəsində keçirilən şəxsi axtarışda və şübhəli şəxs qismində ilk dindirmədə müdafiəçinin iştirak etməməsinə yol verilir.” ( 37-ci bənd).

Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının bir çox qərarlarında[5] sərgilədiyi hüquqi mövqeyinə görə də həm CPM-in 92.12-ci maddəsində, həm də müdafiə hüququnun təmin edilməsi ilə bağlı prosessual qanunvericiliyinin digər normalarında hər hansı bir istintaq hərəkətinin aparılması üçün şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən “müvəqqəti olaraq” imtina etməsi və bunun cinayət təqibini aparan orqan tərəfindən qəbul edilməsi, həmin istintaq hərəkəti aparıldıqan sonra isə eyni müdafiəçinin yenə də işə qoşularaq sonrakı istintaq hərəkətlərinin aparılmasında iştirak etməsi nəzərdə tutulmamışdır ki, bu baxımdan da şəxsin təhqiqat zamanı müdafiə hüququnun səmərəli və keyfiyyətli şəkildə təmin olunmasından söhbət belə gedə bilməz.

CPM-in 207.4-cü maddəsinin tələbinə görə, cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə cinayət işi başlanmazdan əvvəl o, tutularkən baxışa və şəxsi axtarışa məruz qala bilər. Axtarışın və götürmənin aparılmasında iştirak edən şəxslərin dairəsini müəyyən edən, prosessual qanunvericilikdə ümumi norma kimi nəzərdə tutulmuş CPM-in 244.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxs barəsində axtarış və götürmənin aparılmasında onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Həmin istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə müstəntiq onun bu hüququnu təmin etməlidir.

Qanunun normalarından göründüyü kimi müdafiəçinin şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasında iştirak etməsi onun vəzifəsi yox, hüququ kimi təsbit edilmiş və bu hüquq cinayət təqibini aparan orqan tərəfindən o halda mütləq təmin edilməlidir ki, müdafiəçi əvvəlcədən göstərilən istintaq hərəkətinin aparılması barədə xəbərdar edilsin və sonuncu həmin istintaq hərəkətinin aparılmasında iştirak etmək arzusunu bildirsin, digər tərəfdən isə işin hallarına görə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsinin qəbul edilməsi mümkün olmasın.

Qanunvericiliyin tələblərinə görə təhqiqatçı və ya müstəntiq axtarış və götürmə istintaq hərəkətini aparmazdan əvvəl mütləq şəkildə müdafiəçinin həmin istintaq hərəkətinin aparılmasında iştrakını təmin etmək vəzifəsi daşımır, lakin şübhəli və ya təqsirləndirilən şəxs artıq müdafiəçiyə malik olduqda (müqaviləyə əsasən və ya tutulması zamanı təyin edildikdə) müstəntiqin və təhqiqatçının borcudur ki, bundan sonra bütün istintaq hərəkətlərinin, o cümlədən axtarışın (şəxsi axtarışın) və götürmənin aparılması barədə müdafiəçini xəbərdar edərək onun cinayət prosesində iştirakını təmin edilməsi üçün tədbirlər görsün. Eyni zamanda müdafiəçinin bu və ya digər istintaq hərəkətinin aparılmasında, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsində onun iştirakı mütləq şəkildə tələb olunduğu halda da təhqiqatçı və ya müstəntiq bu iştirakı təmin etməlidir. Belə hallarda müdafiəçinin istənilən istintaq hərəkətinin aparılmasında və prosessual məcburiyyət tədbirinin tətbiq edilməsində iştirakdan imtina etmək hüququ isə yoxdur, bu barədə şübhəli və ya təqsirləndirilən şəxsin də imtinası qəbul edilə bilməz.

Müstəntiq iş üzrə sübut  əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədləri, bir qayda olaraq, məhkəmənin qərarı əsasında götürə bilər. Şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə onun üzərində məhkəmənin qərarı alınmadan da şəxsi axtarış aparıla bilər.( CPM-in 246.1, 246.2.1-ci m.)

Yuxarıda qeyd olunan normaların tələbləri baxımından şəxs hər hansı cinayətin törədilməsində şübhəli bilindikdə (bu haqda əməliyyat və ya digər məlumat hüquq-mühafizə orqanına daxil olduqda), o, barəsində “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş zəruri əməliyyat-axtarış tədbirlərinin (məsələn güdmə, telefon danışıqlarına qulaq asma və s.) tətbiq edilməsi nəticəsində onun olduğu yer müəyyən edildikdən dərhal sonra, yəni təxirə salınmadan həmin yerdə tutula (saxlanıla, yaxalana) bilər və bu zaman onun üzərində, qanunvericiliyin tələb etdiyi və imkan verdiyi kimi, məhkəmənin qərarı olmadan, baxış, axtarş və götürmə kimi istintaq hərəkətləri aparıla bilər. Şəxsin tutulmasının rəsmiləşdirilməsi isə bundan sonra, yəni təxirə salınmadan polis və ya digər hüquq mühafizə orqanlarına gətirildikdən sonra da həyata keçirilə bilər. Buna qədər şəxsin faktiki tutulduğu (saxlanıldığı və ya yaxalandığı) yerdə onun üzərində baxış və ya axtarış kimi istintaq hərəkətinin aparılması zamanı mütləq qaydada müdafiəçi ilə təmin olunması prosessual qanunvericiliyin normalarında nəzərdə tutulmamışdır, lakin şəxsin tutulmasının rəsmiləşdirilməsi zamanı müdafiəçinin iştirakı və onun bununla bağlı bütün digər hüquqlarının təmin edilməsi mütləqdir, çünki bu tələb CPM-in 90.7.5, 90.7.7, 90.7.9 və 92.3.9-cu maddələrinin müddəalarından irəli gəlir. Çünki qeyd olunan maddələrə görə, şübhəli şəxs tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan olunduğu andan müdafiəçiyə malik olmaq, müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək, müdafiəçinin yardımından pulsuz istifadə etmək, öz vəsatəti əsasında müdafiəçinin iştirakı ilə ifadə vermək hüquqlarını həyata keçirir və o, şübhəli və ya təqsirləndirilən şəxs qismində tutulduqda və ya onun barəsində həbs qətimkan tədbiri tətbiq edilərkən müdafiəçinin iştirakı təmin olunmalıdır.

“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 mart 2019-cu il tarixli Qərarına görə, CPM-n 244.2-ci maddəsi ilə müəyyən edilmiş axtarış və götürmənin aparılmasında müdafiəçinin iştirak etmək hüququ müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə onun cinayət-prosessual funksiyalarını həyata keçirməsinin təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş imkanı ehtiva edir. Bu baxımdan qanunverici müstəntiqin üzərinə belə istintaq hərəkətinin aparılması barədə müdafiəçini əvvəlcədən xəbərdar etmək, müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə isə onun bu hüququnu təmin etmək vəzifəsini qoymuşdur. Axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin həm iştirakı ilə, həm də iştirakı olmadan aparılan prosessual hərəkətlərə aiddir. Belə olan halda həmin istintaq hərəkətlərində şübhəli və ya təqsirləndirilən şəxsin iştirak edib-etməməsindən asılı olaraq, müdafiəçinin iştirakı məsələsi CPM-in 92.9.3, 92.10.1 və 92.10.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla həll edilməlidir. Belə ki, həmin istintaq hərəkəti təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda CPM-in imperativ norması olan 92.10.1-ci maddəsinə uyğun olaraq, müdafiəçiyə (artıq təyin edilmiş və ya müqavilə əsasında prosesə buraxılmış – m.k.) müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd olaraq bu prosessual hərəkətdə iştirakdan imtina etmək qadağan olunur. Belə istintaq hərəkəti şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda isə o, müdafiəçinin həmin istintaq hərəkətində iştirak etməsini tələb edərsə, CPM-in 92.10.3-cü maddəsinə müvafiq olaraq müdafiəçi belə iştirakdan imtina edə bilməz. Belə ki, müdafiəçinin cinayət prosesində iştirakı, bir qayda olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin iradəsindən asılı olduğundan, o, (müdafiəçi-m.k.) bu hüququ öz mülahizəsi əsasında müstəqil deyil, müdafiəni səmərəli təşkil etmək məqsədilə müdafiə etdiyi şəxslə razılaşdırmaqla həyata keçirməlidir.[6]

Bütün yuxarıda qeyd olunanlar şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətinin, bu haqda tərtib edilmiş protokolun, habelə bundan sonra məhz bu istintaq hərəkətinə əsasən ibtidai araşdırma zamanı toplanmış bütün sübutların CPM-in 125.2-ci maddəsinin tələbləri baxımından yolverilməz sübutlar olması barədə nəticəyə gəlmək üçün əsas verir.

Odur ki, məhkəmə şəxsi axtarış protokolunun məzmununu və onun sübut kimi mümkünlüyünü qiymətləndirərkən həmin istintaq hərəkətində müdafiəçinin iştirak etməməsini və protokolun məzmununda “əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirlərinə” istinad olunmasını Ali Məhkəmənin Plenumunun hüquqi mövqelərinə uyğun olaraq şərh etməli, yəni faktiki olaraq tutulmuş şübhəli şəxs cinayət prosesinə onun müdafiəçisi qismində buraxılmış vəkildən imtina etmədiyi vəziyyətdə icraatı aparan orqanın şübhəlinin üzərində şəxsi axtarışın aparılmasında müdafiəçinin iştirakını təmin etməməsini qanunauyğun, müvafiq olaraq bu cür şəxsi axtarışı rəsmiləşdirən protokolu sübut kimi yolverilən hesab etməməli, habelə əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi haqqında qərarın məhkəmə nəzarəti qaydasında yoxlanılmasına dair məhkəmə qərarının çıxarılması faktını özü-özlüyündə əməliyyat-axtarış tədbirinin qanuni olaraq keçirildiyini, dolayısı ilə şəxsi axtarış protokolunda belə hala (bəlli olmayan əməliyyat-axtarış tədbirlərinə) istinad olunmasının düzgün olduğunu göstərən əsas kimi qiymətləndirməməlidir.

Qanunvericiliyin normalarından və Konstitusiya Məhkəməsi Plenumunun hüququ mövqeyindən çıxış edərək məhkəmə saxlanılaraq polis şöbəsinə gətirilib şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərində müdafiəçinin iştirakı olmadan, lakin şahidlərin – yalnız polis əməkdaşlarının iştirakları ilə artıq əhəmiyyətsiz olan şəxsi axtarışın aparılmasında şübhəli şəxsin müdafiə hüququnun pozulması halını görür və müdafiə hüququnun səmərəli şəkildə həyata keçirilməsi barədə milli və beynəlxalq qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərindən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox Qərarlarındakı[7] hüquqi mövqedən çıxış edərək bəraət hökmü çıxararaq[8] müəyyən edir ki, hələ təhqiqat zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiə olunması vəkilinə həvalə edilsə də, lakin sonuncu təhqiqat və ibtidai araşdırma zamanı müxtəlif istintaq hərəkətlərinin aparılmasında və təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsində iştirak etmiş olduğu halda onun fəaliyyəti səmərəli olmur, sonuncu iş üzrə həqiqətin müəyyən edilməsi üçün keyfiyyətli xidmət göstərməyərək lazımi fəallıq nümayiş etdirmir, yalnız tərtib olunmuş prosessual sənədlərlə tanış olmaqla və onları imzalamaqla kifayətlənir. Belə olan halda vəkil tərəfindən şəxsin hüquqlarının səmərəli şəkildə müdafiə olunması barədə nəticəyə gəlmək mümkün olmur.

Beləliklə istintaq və məhkəmə prosesində şəxsin qanunsuz təzyiqlərdən qorunması və qanuni mənafelərinin müdafiəsinə yönəlmiş, ittiham və müdafiə tərəfinin hüquq bərabərliyi və çəkişmə prinsipini rəhbər tutmaqla təqsirləndirilən şəxsin yüksək hüquqi yardım almaq hüququnun təmin edilməsinin zəruriliyi işin hallarının tam, obyektiv, hərtərəfli araşdırılmasına xidmət edir və nəticədə ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə zəmin yaradır.

Mehriban Qarayeva

Bakı Apellyasiya Məhkəməsinin hakimi                                             


[1] Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi , Azərbaycan Respublikasının 2000-ci il 14 iyul tarixli 907-IQ nömrəli Qanunu ilə təsdiq edilmişdir

[2] Azərbaycan Respublikasının Cinayət Məcəlləsi,Azərbaycan Respublikasının 1999-cu il 30 dekabr tarixli 787-IQ nömrəli Qanunu ilə təsdiq edilmişdir

[3] “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu, 28 oktyabr 1999-cu il № 728-IQ

[4] “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarı

[5] Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-2052/2024 saylı 05.11.2024-cü il tarixli qərarı və s. https://sc.supremecourt.gov.az/decision-search/

[6] “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 mart 2019-cu il tarixli Qərarı

[7]Lagerblom İsveçə qarşı iş üzrə 2003-cü il 14 yanvar tarixli Qərar

Kamazinski Avstriyaya qarşı iş üzrə 1989-cu il 19 dekabr tarixli Qərar

Ayatulla Ay Türkiyəyə qarşı iş üzrə 27 oktyabr 2020-ci il tarixli Qərar

Regner Çex Respublikasına qarşı iş üzrə 19 sentyabr 2017-ci il tarixli Qərar

Fərzəliyev Azərbaycana qarşı iş üzrə 25 may 2020-ci il tarixli Qərar və s. bax https://hudoc.echr.coe.int/