ABŞ-də terror təhdidi ilə bağlı məlumatdan sonra sərnişin təyyarəsi hava limanına qayıdıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-də “United Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi göyərtədəki sərnişinlərdən birinin terror təhdidi yaratdığına dair məlumat daxil olduqdan sonra havaya qalxdığı hava limanına geri dönüb.
Hadisə oktyabrın 24-də Nevada ştatının Las-Veqas şəhərindən Nyu-Cersi ştatının Nyuark şəhərinə uçan təyyarədə baş verib.
“Flightradar24” uçuş izləmə platformasının məlumatlarına görə, gecə saatlarında yerinə yetirilməsi planlaşdırılan reys üzrə təyyarə havaya qalxdıqdan bir saat keçməmiş Las-Veqasa qayıdıb.
Las-Veqas polisi hadisədən sonra 25 yaşlı sərnişinin saxlanıldığını açıqlayıb. O, terror aktı ilə bağlı hədə-qorxu gəlmək və ya yalan məlumat verməkdə ittiham olunaraq həbs edilib.
Polis şübhəlinin konkret olaraq nə etdiyi və ya nə söylədiyi barədə hələlik ətraflı məlumat açıqlamayıb.
“United Airlines” aviaşirkəti göyərtədəki 150 sərnişinin hamısının Las-Veqasa təhlükəsiz şəkildə qayıtdığını bildirib. Qərarın mümkün təhlükəsizlik riski ilə əlaqədar qəbul edildiyi vurğulanıb.
Şənbə gecəsi təxirə salınan reys bazar günü həyata keçirilib.
Hadisə ilə bağlı araşdırma başlanılıb.
Şəbnəm Mehdizadə
