Məzmuna keç

“Evrostroy-S.S” bir mənzili üç nəfərə necə satıb? – Vətəndaş məhkəmə qərarından narazıdır

Bakı sakini “Evrostroy-S.S” MMC-ni eyni mənzili bir neçə şəxsə satmaqda ittiham edir.

Azər Həsənov adlı vətəndaş e-huquq.az-a müraciət edərək “Evrostroy-S.S” MMC ilə bağlı narazılığını bildirib. O, şirkətdən aldığı mənzilin sonradan başqa şəxslərə də satıldığını iddia edir.

Vətəndaşın sözlərinə görə, Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən binadakı 58 saylı mənzili alıb. Lakin sonradan həmin mənzilə dair başqa şəxslərlə də müqavilələrin bağlandığını öyrənib.

A.Həsənov pozulmuş hüquqlarının bərpası və mənzilin ona təhvil verilməsi üçün məhkəməyə müraciət etsə də, iddiası təmin edilməyib. Məhkəmə, əksinə, onunla şirkət arasında bağlanmış müqaviləni etibarsız hesab edib və ödədiyi 118 125 manatın şirkətdən tutularaq ona qaytarılması barədə qərar qəbul edib.

Lakin vətəndaş bildirir ki, hazırda nə mənzildən istifadə edə bilir, nə də ödədiyi vəsaiti geri ala bilib. O, məhkəmə qərarları ilə razılaşmadığını bildirərək əlavə kassasiya şikayəti verib və işə Ali Məhkəmənin Plenumunda baxılmasını xahiş edib.

“Mən 2018-ci ildə “Evrostroy-S.S” MMC ilə mənzil alqı-satqısı ilə bağlı müqavilə bağlamışam. Həmin müqaviləyə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində,”Sipark” Yaşayış Kompleksində tikilən 5 girişli, 16 mərtəbəli yaşayış binasının 2-ci girişində, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 112,5 kv.m olan, 2 otaqlı 58 saylı mənzili 118 125 manat ödəyərək almışam. Binanın tikintisinin başa çatmasını uzun müddət gözləsəm də, mənzil mənə təhvil verilməyib. Sonradan mənzilin qanunsuz olaraq başqa bir adama da satıldığını öyrəndim. Məsələyə aydınlıq gətirmək məqsədilə “Evrostroy-S.S” MMC-nin rəhbərliyi mənim və digər alıcının iştirakı ilə görüş keçirdi. Görüşdə rəhbərlik problemin yanlışlıq nəticəsində yarandığını və aradan qaldırılacağını vəd etdi. Lakin bu vəd sonradan reallaşmadı. Buna görə də Nərimanov Rayon Məhkəməsinə müraciət etdim. Məhkəmədən aldığım mənzilə sahib olmaq və ondan istifadə etmək hüququmun tanınmasını, mənzilin mənə təhvil verilməsini, həmçinin “Evrostroy-S.S” MMC ilə 12 fevral 2019-cu il tarixində həmin mənzillə bağlı müqavilə bağlamış Zərifə Əliyevanın müqaviləsinin etibarsız hesab edilməsini xahiş etdim. Bununla yanaşı, Zərifə Əliyeva da mənə qarşı qarşılıqlı iddia qaldırıb. O, mənimlə “Evrostroy-S.S” MMC arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsini, həmçinin ona məxsus hesab etdiyi mənzilə sahiblik və istifadə hüquqlarını həyata keçirməsinə mane olmağımın həm mənə, həm də “Evrostroy-S.S” MMC-yə qadağan edilməsini tələb edib.

Nərimanov Rayon Məhkəməsinin hakimi Mehriban Əfəndizadənin çıxardığı qətnamə ilə mənim iddiam rədd edilib, Zərifə Əliyevanın qarşılıqlı iddiası isə qismən təmin olunub. Belə ki, məhkəmənin qərarına əsasən mənimlə “Evrostroy-S.S” MMC arasında bağlanmış mənzil alqı-satqısı müqaviləsi etibarsız hesab edilib. Zərifə Əliyevanın həmin binada yerləşən 58 saylı mənzilə sahiblik və istifadə hüquqlarını həyata keçirməsinə mane olan hərəkətlərin mənə və “Evrostroy-S.S” MMC-yə qadağan edilməsi qərara alınıb. Mənim şirkətə ödədiyim 118 125 manatın “Evrostroy-S.S” MMC-dən tutularaq mənə qaytarılması qət edilib. Mən qərardan narazı qaldığım üçün apellyasiya şikayəti verdim, Bakı Apellyasiya Məhkəməsinin hakimi Günay Axundova birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxladı. Bundan sonra kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət etdim, təəssüf ki, hakim Aqil Abbasov şikayətimi təmin etmədi”, – deyə o bildirib.

A.Həsənov hesab edir ki, məhkəmə qərar qəbul edərkən iş üçün vacib olan halları və təqdim edilmiş sübutları düzgün qiymətləndirməyib: “Məhkəmələr tərəfindən mübahisəli mənzillə bağlı ümumilikdə 3 müqavilənin bağlandığı müəyyən edilib. Belə ki, 21 dekabr 2016-cı il tarixli müqaviləyə əsasən, Xəlilov Nicat Ramiz oğlu 168 750 manat ödəyərək, 30 aprel 2018-ci il tarixli müqaviləyə əsasən, Həsənov Azər Qurban oğlu 118 125 manat ödəyərək; 12 fevral 2019-cu il tarixli müqaviləyə əsasən, Əliyeva Zərifə Məhəmməd qızı 140 625 manat ödəyərək həmin mənzili alıblar. Birinci instansiya məhkəməsi mübahisəli mənzillə bağlı bağlanmış müqavilələrin həqiqiliyini müəyyən etmək üçün ekspertiza təyin edib. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 noyabr 2024-cü il tarixli ekspert rəyində mənimlə “Evrostroy-S.S” MMC arasında bağlanmış 30 aprel 2018-ci il tarixli, 174 nömrəli müqavilə və Zərifə Əliyeva ilə həmin şirkət arasında bağlanmış 12 fevral 2019-cu il tarixli, 296 nömrəli müqavilə araşdırılıb. Ekspertiza nəticəsində müəyyən edilib ki, həmin müqavilələrdə sifarişçi kimi göstərilən şəxslərin imzaları müvafiq olaraq mənim, yəni Həsənov Azər Qurban oğlunun və Əliyeva Zərifə Məhəmməd qızının özləri tərəfindən imzalanıb. Bundan əlavə, “Məhkəmə Ekspertiza Xidmətləri” MMC-nin 6 mart 2025-ci il tarixli ekspert rəyində göstərilib ki, “Evrostroy-S.S” ilə Xəlilov Nicat Ramiz oğlu arasında bağlandığı bildirilən 21 dekabr 2016-cı il tarixli, 26 nömrəli müqavilənin fotoşəkli planşet vasitəsilə çəkilib. Həmçinin həmin fotoşəkillərdə montaj və ya başqa texniki dəyişiklik əlamətləri aşkar edilməyib. Lakin hesab edirəm ki, bu ekspert rəyi müqavilənin həqiqətən bağlandığını təsdiq etmir. Çünki ekspert yalnız fotoşəkildə hər hansı dəyişiklik və ya montaj olub-olmadığını araşdırıb. Yəni fotoşəklin dəyişdirilmədiyinin müəyyən edilməsi həmin fotoşəkildə görünən müqavilənin həqiqiliyini sübut etmir”.

Vətəndaş deyir ki, bu ekspert rəyi müqavilənin əslinin həqiqətən mövcud olduğunu, müqavilədəki imza və möhürlərin kimə məxsus olduğunu, müqavilənin həqiqətən tərəflər arasında bağlandığını və həmin müqavilə əsasında tərəflər arasında hüquqi münasibətlərin yarandığını təsdiq etmir: “Buna baxmayaraq, məhkəmələr 21 dekabr 2016-cı il tarixli, 26 nömrəli müqavilənin əsli iş materiallarında olmadığı halda, həmin müqavilənin mövcudluğunu və mənzilin ilk olaraq Xəlilov Nicat Ramiz oğluna satıldığını təsdiq edən sübut kimi qəbul ediblər. Hesab edirəm ki, müqavilənin əsli təqdim edilmədiyi halda, məhkəmələr onun həqiqiliyinin hansı sübutlarla müəyyən edildiyini, ekspert rəyinin konkret olaraq nəyi təsdiq etdiyini və bütün sübutların birlikdə həmin nəticəyə gəlmək üçün kifayət edib-etmədiyini ətraflı araşdırmalı və əsaslandırmalı idilər. İş materiallarında olan 11 fevral 2019-cu il tarixli imtina ərizəsi, Xəlilov Nicat Ramiz oğlunun məhkəmədə verdiyi izahat və “Evrostroy-S.S” MMC tərəfindən təqdim edilmiş sənədlər də diqqətlə qiymətləndirilməli idi. Həmin sübutlardan Xəlilov Nicat Ramiz oğlunun mübahisəli mənzildən imtina etdiyi və daha sonra Əliyeva Zərifə Məhəmməd qızı ilə müqavilə bağlandığı məlum olsa da, bu hallar 21 dekabr 2016-cı il tarixli müqavilənin həqiqətən mövcud olduğunu və həmin müqavilə əsasında mənzilə dair hüquqların yarandığını tam şəkildə sübut etmir”.

A.Həsənov qeyd edib ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən, sənəddəki imzanın həqiqiliyinin təsdiq edilməsi həmin sənəddə göstərilən məlumatların da doğru olması demək deyil. Bu səbəbdən, imtina ərizəsindəki imzanın həqiqi olması həmin ərizədə göstərilən bütün məlumatların avtomatik olaraq doğru hesab edilməsi üçün əsas ola bilməz: “Məhkəmə həmin ərizəni digər sübutlarla birlikdə araşdırmalı, onun hansı halları təsdiq etdiyini və əvvəlki müqavilənin mövcudluğunu sübut etmək üçün kifayət edib-etmədiyini müəyyən etməli idi. Eyni zamanda, Xəlilov Nicat Ramiz oğlunun 21 dekabr 2016-cı il tarixli müqavilənin əslini “Evrostroy-S.S” MMC-yə qaytardığını bildirməsi də müqavilənin həqiqiliyinin yoxlanılmamasına əsas vermir. Çünki müqavilənin şirkətə qaytarılması ilə həmin müqavilənin həqiqətən bağlandığının və hüquqi nəticələr yaratdığının sübut edilməsi fərqli məsələlərdir”.

Şikayətçi bildirib ki, məhkəmələr bütün bu halları digər sübutlarla birlikdə araşdırmalı və qəbul etdikləri qərarı hüquqi cəhətdən əsaslandırmalı idilər: “Hesab edirəm ki, bu sübutların düzgün qiymətləndirilməsi işin nəticəsi üçün çox vacibdir. Çünki məhkəmələr mənimlə “Evrostroy-S.S” MMC arasında 30 aprel 2018-ci il tarixində bağlanmış 174 nömrəli müqaviləni etibarsız hesab edərkən əsasən həmin mənzilin daha əvvəl Xəlilov Nicat Ramiz oğluna satıldığı qənaətinə gəliblər. Yəni məhkəmələrin mövqeyinə görə, şirkət həmin mənzili sonradan mənə satmaq hüququna malik olmayıb. Lakin mənzilə dair əvvəlki satışın həqiqətən baş verdiyi və bunun hansı hüquqi əsaslara söykəndiyi mötəbər sübutlarla təsdiq edilməyibsə, bu halda mənimlə bağlanmış müqavilənin etibarsız hesab edilməsi də sual doğurur. Məhkəmələr qərar qəbul edərkən 21 dekabr 2016-cı il tarixli müqavilənin əslinin iş materiallarında olmamasını, ekspert rəyinin yalnız fotoşəkildə montaj və texniki dəyişikliklərin olub-olmamasını müəyyən etməsini, 11 fevral 2019-cu il tarixli imtina ərizəsinin hansı halları təsdiq etdiyini, Xəlilov Nicat Ramiz oğlunun izahatının sübut kimi əhəmiyyətini, təqdim edilmiş bütün sənədlərin birlikdə əvvəlki müqavilənin həqiqiliyini sübut etmək üçün kifayət edib-etməməsini lazımi qaydada araşdırmalı və qiymətləndirməli idilər: Hesab edirəm ki, bu məsələlərə düzgün hüquqi qiymət verilməməsi nəticəsində mənimlə “Evrostroy-S.S” MMC arasında bağlanmış 30 aprel 2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qərarın əsaslılığı şübhə altında qalıb”.

A.Həsənovun sözlərinə görə, yuxarıda qeyd olunan bütün hallar məhkəmə tərəfindən qəbul edilmiş qərarın hərtərəfli, obyektiv və qanunvericiliyin tələblərinə uyğun araşdırma aparılmadan çıxarıldığını göstərir: “Məhkəmə qərarının məzmunundan da aydın olur ki, mübahisə predmeti olan mənzil “Evrostroy-S.S” şirkəti tərəfindən bir neçə şəxsə satılıb. Lakin məhkəmə bu mühüm hala heç bir hüquqi qiymət verməyib, şirkətin eyni mənzili müxtəlif şəxslərə satmasının hüquqi nəticələrini araşdırmayıb. Halbuki, qeyd olunan hallar yalnız mülki-hüquqi mübahisə çərçivəsində qiymətləndirilə bilməz. Eyni mənzilin bir neçə şəxsə satılması faktı dələduzluq və digər cinayət əməllərinin əlamətlərinin mövcudluğu baxımından da araşdırılmalı olan ciddi hallardandır. Belə olan halda, məhkəmə tərəfindən həmin hallara hüquqi qiymət verilməsi, cinayət əlamətlərinin mövcudluğu müəyyən edildiyi təqdirdə isə aidiyyəti üzrə tədbirlərin görülməsi və qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olduqda xüsusi qərardad çıxarılması məsələsinə baxılması zəruri idi. İşin hallarından irəli gələn bu faktlar vəzifə səlahiyyətlərindən sui-istifadə, korrupsiya və digər mümkün cinayət əməllərinin əlamətlərinin olub-olmamasının yoxlanılmasını zəruri edir”.

Şikayətçi hesab edir ki, ona dəymiş maddi zərərin ödənilməsi məsələsinə məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməyib: “Nərimanov Rayon Məhkəməsinin qərarı ilə mənzilə görə tərəfimdən ödənilmiş 118 125 manat pul vəsaitinin “Evrostroy-S.S” şirkətindən tutularaq mənə qaytarılması nəzərdə tutulur. Lakin hesab edirəm ki, bu məbləğin geri qaytarılması mənə dəymiş maddi zərərin tam şəkildə ödənilməsi kimi qiymətləndirilə bilməz. Belə ki, birincisi, mən illər ərzində müqavilə üzrə əldə etməli olduğum mənzilin mənə təhvil veriləcəyini gözləmişəm, bu müddət ərzində mənzilə sahib olmaq və ondan istifadə etmək imkanından məhrum edilmişəm. Mənim vaxtım, maddi imkanlarım və gələcək yaşayış planlarım bu vəziyyətdən birbaşa təsirlənib. İkincisi, mənzilə görə ödədiyim 118 125 manatın bu gün mənə qaytarılması, həmin vəsait hesabına müqavilə bağladığım vaxt əldə edə biləcəyim mənzilə bərabər mənzil almaq imkanını təmin etmir. Çünki müqavilənin bağlandığı vaxtdan ötən təxminən 8 il ərzində daşınmaz əmlak bazarında qiymətlər əhəmiyyətli dərəcədə artıb. Nəticədə, həmin dövrdə ödədiyim məbləğlə əldə edə biləcəyim mənzili bu gün eyni məbləğə almaq faktiki olaraq mümkün deyil. Başqa sözlə, şirkətə ödədiyim pulun yalnız nominal məbləğinin geri qaytarılması məni əvvəlki maddi vəziyyətimə qaytarmır və mənzil əldə etmək imkanımın itirilməsi nəticəsində yaranmış real maddi itkini aradan qaldırmır. Mən faktiki olaraq həm illərlə mənzilə sahib olmaq imkanından məhrum edilmiş, həm də daşınmaz əmlak bazarında baş vermiş qiymət artımları nəticəsində əlavə maddi itki ilə üzləşmişəm. Məhkəmə isə bu halları, mənə dəymiş zərərin real həcmini, pul vəsaitinin uzun müddət ərzində şirkətin sərəncamında qalmasını, eləcə də daşınmaz əmlakın bazar dəyərində baş vermiş dəyişiklikləri araşdırmayıb və onlara hüquqi qiymət verməyib. Belə olan halda, şirkətin üzərinə yalnız 118 125 manatın qaytarılması öhdəliyinin qoyulması mənə dəymiş zərərin tam kompensasiya edilməsi üçün kifayət deyil. Şirkətin qanunsuz hərəkətləri nəticəsində üzləşdiyim əlavə maddi itkilərin də müəyyən edilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq kompensasiya edilməsi məsələsi həll olunmalıdır. Məhkəmə mənə yalnız vaxtilə ödədiyim pulun qaytarılması ilə kifayətlənməməli, həmin pulun və mənzil əldə etmək imkanımın illər ərzində itirilməsi nəticəsində mənə vurulmuş real maddi zərərin həcmini də araşdırmalı idi”.

A.Həsənov deyib ki, məhkəmələr tərəfindən işin mühüm hallarının və təqdim edilmiş sübutların hərtərəfli, obyektiv və lazımi qaydada araşdırılmaması vətəndaşların məhkəmə sisteminə olan etimadına ciddi zərbə vurur: “Təəssüf ki, bu cür yanaşma yalnız konkret iş üzrə vətəndaşın hüquqlarının pozulması ilə nəticələnmir, eyni zamanda, gələcəkdə yanlış məhkəmə təcrübəsinin formalaşmasına da zəmin yaradır. Mən Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədrinə müraciət edərək, qeyd olunan halların diqqətə götürülməsini, məsələnin qanunvericiliyin tələbləri çərçivəsində araşdırılmasını və müvafiq tədbirlərin görülməsini xahiş edirəm. Pozulmuş hüquqlarımın bərpası, iş üzrə yol verilmiş mümkün qanun pozuntularına hüquqi qiymət verilməsi və mənə dəymiş zərərin tam həcmdə müəyyən edilərək kompensasiya olunması üçün zəruri tədbirlərin görülməsini tələb edirəm. Mənim istəyim yalnız qanuni yollarla pozulmuş hüquqlarımın bərpa olunması, illərdir davam edən bu mübahisəyə obyektiv və ədalətli hüquqi qiymət verilməsi, eləcə də təqsirli şəxslərin qanun qarşısında məsuliyyət məsələsinin araşdırılmasından ibarətdir”.

Şəbnəm Mehdizadə