Bakı Apellyasiya Məhkəməsində “Azərlotoreya” ASC-yə qarşı pul tələbinə dair iş üzrə birinci instansiya məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinə baxılıb.
Bu barədə e-huquq.az-a iddiaçının vəkili Fərid Qasımov məlumat verib.
Onun sözlərinə görə, hüquqlarını müdafiə etdiyi şəxs mərc oyununda qalib gələrək pul mükafatı qazansa da, şirkət uduş məbləğini ona ödəməyib.
“İşin hallarına görə, Əli Mustafayev cavabdeh “Azərlotoreya” ASC-nin “Misli.az” mərc oyunları səhifəsində üzv olaraq qeydiyyatdan keçərək özünə şəxsi hesab açıb. 18.02.2026-cı il tarixdə “Qarabağ-Nyukasl Yunayted” oyunu üzrə oyunun 1-ci hissəsində 2.5 ÜST – yəni hansı komandanın qol vurmasından asılı olmayaraq oyunun birinci hissəsində 2 topdan yuxarı qol olacağını qeyd edərək 150 manat pul mərcə qoyub. Həmin oyun üzrə oyun gələrsə, 150 manat qoyulan məbləğə 226,5 manat pul gələcəyi, yəni 76,5 manat qazanc gələcəyi qeyd olunub. Oyunun 1-ci hissəsində 5 top vurulub və iddiaçı isə 2 topdan yuxarı qol vurulacağını qeyd etdiyi üçün kupon uduşlu sayılıb. Lakin oyunun birinci hissəsi bitdikdən sonra kupon üzrə 226,5 manat qazanc gəlmək əvəzinə, iddiaçının həmin oyuna yatırdığı 150 manat pul qayıdıb, uduş məbləği isə iddiaçıya verilməyib. İddiaçı bu barədə “Misli.az”ın qaynar xətti ilə əlaqə saxlayıb, lakin onun kuponunun səhvən qəbul edildiyi, əslində isə həmin anda kupon qəbul edilmədiyi qeyd olunaraq, iddiaçıya ödənilməli olacaq 76,5 manat pul cavabdeh tərəfindən ödənilməyib. İddiaçı həmin vaxt mənəvi sarsıntı keçirib. Bu səbəbdən o, məhkəməyə müraciət edərək kupon üzrə ödənilməmiş 76,5 manat, 500 manat mənəvi zərər, 350 manat vəkil xərci, 20 manat vəkilin nümayəndə olaraq məhkəmədə iştirak etməsi üçün etibarnamə xərci, 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 976,5 manat cavabdehdən tutularaq ona ödənilməsini xahiş edib. “Misli.az” isə bildirib ki, iddiaçı VAR yoxlaması zamanı yaranmış texniki xətadan istifadə edərək mərc edib, şirkət isə müqaviləyə və qanunvericiliyə uyğun hərəkət edərək mərc məbləğini geri qaytarıb. Buna görə də iddianın təmin edilməməsini istəyib”, – deyə vəkil qeyd edib.
F.Qasımov deyib ki, Nəsimi Rayon Məhkəməsi Ə.Mustafayevin iddiasını təmin etməyib. Bundan sonra, o, apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək yeni qətnamə çıxarıb, iddia qismən təmin edilib.
“Məhkəmənin qərarına əsasən, iddiaçının tələb etdiyi 76,50 manat məbləğində ödənilməmiş uduşun tam həcmdə tutulması təmin olunub. Bununla yanaşı, iş üzrə çəkilmiş məhkəmə xərclərinin və vəkil xidmətinə görə xərclərin də ödənilməsi təmin edilib. İddiaçının mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələbi isə təmin edilməyib”, – deyə F.Qasımov qeyd edib.
Şəbnəm Mehdizadə
