“Qlobal iqtisadi mühitdə qeyri-müəyyənliklərin davam etməsinə baxmayaraq, ölkəmizdə makroiqtisadi sabitlik qorunur, şaxələndirmə siyasəti isə öz bəhrəsini verir. Strategiya dövrünün yekunlarına əsasən qeyri-neft-qaz sektorunda orta illik artımın 5,2% olacağı gözlənilir ki, bu da qarşıya qoyulmuş hədəfi üstələyir”.
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin iclasında çıxış edən iqtisadiyyat nazirinin müavini Anar Axundov deyib.
O bildirib ki, cari ilin yanvar-sentyabr aylarında iqtisadi artım 1,5% təşkil edib. Qeyri-neft-qaz sektoru 2,6% böyüyərək artımın əsas mənbəyinə çevrilib, bu sektorun ÜDM-dəki payı isə 70%-i ötüb. İlin yekununda ÜDM-in 1,7%, qeyri-neft-qaz ÜDM-in isə 3,1% artacağı proqnozlaşdırılır.
“Artımın strukturunda emal sənayesi, nəqliyyat və informasiya texnologiyaları önə çıxır. Qeyri-neft-qaz emal sənayesində əlavə dəyər 6,6%, nəqliyyat və anbar təsərrüfatında 10%, informasiya və rabitədə 11,1% artıb. Ümumilikdə xidmət sektorunun bütün sahələrində artım qeydə alınıb. Daxili tələb də güclü qalır: əhalinin istehlakı real ifadədə 4,6% yüksəlib”, – deyə nazir müavini qeyd edib.
