“Son iki ildə Azərbaycanda ürək transplantasiyası əməliyyatlarının icrasına başlanılıb. Ölkəmiz Qafqaz regionunda bu cür əməliyyatların həyata keçirildiyi ilk dövlət olub”.
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov 2027-ci ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı deyib.
Komitə sədri bildirib ki, ürək transplantasiyası əməliyyatları böyük maliyyə vəsaiti tələb edir və bu səbəbdən onların növbəti ildən etibarən icbari tibbi sığorta hesabına qarşılanmasına ehtiyac var.
Ə.Əmiraslanov, həmçinin Azərbaycanda robot cərrahiyyəsi bölmələrinin yaradılması üçün gələcəkdə maliyyə vəsaitinin ayrılmasının vacibliyini vurğulayıb: “Müasir tibbin, xüsusilə cərrahiyyə sahəsinin inkişafını robot texnologiyalarından kənar təsəvvür etmək mümkün deyil. Robot cərrahiyyəsinin tətbiqi ən mürəkkəb müalicə və müayinə prosedurlarının həyata keçirilməsinə imkan yaradır. Fikrimcə, ölkəmizdə də bu istiqamətdə ixtisaslaşmış bölmələrin yaradılması üçün gələcəkdə müvafiq maliyyə vəsaitinin ayrılması vacibdir”.
Şəbnəmm Mehdizadə
