“Əhali arasında ölüm hallarının əsas səbəblərindən biri olan onkoloji xəstəliklərin icbari tibbi sığorta hesabına qarşılanması son dərəcə vacibdir”
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentdə 2027-ci ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı deyib.
Komitə sədri ambulator müalicə alan xəstələrin dərman vasitələri ilə təminatının icbari tibbi sığorta hesabına həyata keçirilməsinin də əhali üçün aktual məsələlərdən biri olduğunu bildirib. Onun sözlərinə görə, bu məsələ dəfələrlə həm Milli Məclisdə keçirilən tədbirlərdə, həm büdcə müzakirələri zamanı, eləcə də hökumətin hesabatlarının dinlənilməsi prosesində gündəmə gətirilsə də, hələlik öz həllini tapmayıb.
Ə.Əmiraslanov növbəti ildə bu problemin həllini tapacağına ümidvar olduğunu qeyd edib: “Belə böyük həcmli büdcə ilə növbəti ildə bu məsələnin müsbət həllini tapacağına əminlik ifadə etmək olar”.
Komitə sədri, həmçinin əhaliyə göstərilən ilkin tibbi xidmətin keyfiyyətinin aşağı səviyyədə olduğunu vurğulayıb: “Bu problem xüsusilə regionlarda daha qabarıq şəkildə özünü göstərir. Kəndlərdə fəaliyyət göstərən ilkin tibbi xidmət məntəqələrinin əksəriyyəti yararsız vəziyyətdədir və səhiyyə müəssisələrində kadr çatışmazlığı müşahidə olunur.
Şəbnəm Mehdizadə
