Türkiyənin İstanbul şəhərində hava çirkliliyinin səviyyəsi 2026-cı ilin oktyabr ayında ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz artıb.
E-huquq.az xəbər verir ki, İstanbul Texniki Universitetinin (İTÜ) apardığı araşdırmaya əsasən, şəhərdəki 26 hava keyfiyyəti ölçmə stansiyasının məlumatları təhlil edilib. Nəticədə havadakı PM10 hissəciklərinin orta konsentrasiyasının oktyabrda hər kubmetr üçün 35,2 mikroqram olduğu müəyyənləşib. Ötən ilin eyni ayında bu göstərici 31,9 mikroqram təşkil edib.
Ən yüksək hava çirkliliyi hər kubmetr üçün 71,3 mikroqram göstərici ilə Sultangazi 3 stansiyasında, ən aşağı səviyyə isə 18,1 mikroqramla Üsküdar 1 stansiyasında qeydə alınıb. Ölçmə aparılan 26 stansiyadan 20-də çirklilik artıb, 6-da isə azalıb.
İTÜ-nün professoru Hüseyn Toros bildirib ki, hava çirkliliyinin artmasında meteoroloji amillər əsas rol oynayıb. Onun sözlərinə görə, ötən il yağıntılar daha uzun müddət davam etdiyi və alçaq təzyiq sahələri daha təsirli olduğu üçün havanın keyfiyyəti bu illə müqayisədə daha yaxşı olub.
Toros hava çirkliliyi ilə mübarizənin insan sağlamlığının və ekosistemin qorunması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Şəbnəm Mehdizadə
