Fransada noyabrın 5-də keçirilən kütləvi etiraz aksiyaları zamanı 448 nəfər saxlanılıb.
E-huquq.az xəbər verir ki, bu barədə Fransanın Daxili İşlər Nazirliyinin (DİN) açıqlamasında bildirilib.
Məlumata görə, bəzi yerlərdə iğtişaşlarla müşayiət olunan etirazlar zamanı 53 hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb.
Axşama doğru etiraz yürüşlərinin əksəriyyəti ciddi insident olmadan başa çatıb, lakin Renn, Marsel, Nant, Lion, Bordo və Strasburq da daxil olmaqla, bir sıra şəhərlərdə radikal əhval-ruhiyyəli qrupların iştirakı ilə toqquşmalar baş verib. DİN-in məlumatına görə, iğtişaş iştirakçıları polislərə müxtəlif əşyalar atıb və pirotexniki vasitələrdən istifadə ediblər.
Xüsusilə ciddi hadisələr Tuluza şəhərində qeydə alınıb. Strasburqda nümayiş zamanı iğtişaşlara qarşı mübarizə aparan polis əməkdaşını təsvir edən maneken yandırılıb. Fransanın daxili işlər naziri Loran Nunyes bu hadisə barədə məlumatın səlahiyyətli orqanlara verilməsini tapşırıb.
Qurumun qiymətləndirmələrinə görə, bütün ölkə üzrə etirazlarda təxminən 575 min nəfər, onlardan 65 mini isə Parisdə iştirak edib. Eyni zamanda, Ümumi Əmək Konfederasiyası (CGT) nümayişçilərin sayını xeyli çox – paytaxtda 350 min nəfər olmaqla, təqribən 1,57 milyon nəfər olaraq qiymətləndirib.
Gün ərzində Fransada ümumilikdə 193 etiraz aksiyası keçirilib. Tətil və nümayiş iştirakçıları əməkhaqlarının artırılmasını və hakimiyyətin əlavə qənaət tədbirlərindən imtina etməsini tələb edirlər.
