Türkiyənin cənub-şərq bölgələrində gözlənilən güclü yağışlarla əlaqədar 16 vilayət üçün “sarı” kodlu xəbərdarlıq elan edilib.
E-huquq.az xəbər verir ki, bu barədə Meteorologiya Baş İdarəsi məlumat yayıb.
Ölkənin bir sıra bölgələrində leysan və şimşəkli yağışlar gözlənilir. Şərqi Qara dəniz və Şərqi Anadolunun yüksək dağlıq ərazilərində isə sulu qar və qar yağacağı ehtimal olunur.
Güclü yağıntıların xüsusilə Cənub-Şərqi Anadolu, Şərqi Anadolunun cənub-şərqi və Hatay vilayətində müşahidə ediləcəyi bildirilir.
Adıyaman, Bingöl, Bitlis, Diyarbəkir, Elazığ, Qaziantep, Hakkari, Hatay, Malatya, Mardin, Muş, Siirt, Şanlıurfa, Batman, Şırnak və Kilis vilayətlərində “sarı” xəbərdarlıq qüvvəyə minib.
Əhaliyə qəfil sel, su basqını, torpaq sürüşməsi, nəqliyyatda fasilələr, ildırım, dolu və güclü külək kimi təhlükələrə qarşı diqqətli olmaq tövsiyə edilib.
Proqnoza görə, ölkə üzrə havanın temperaturu mövsüm normasından 3-6 dərəcə aşağı olacaq. Küləyin əsasən şimal istiqamətindən, şərq bölgələrində isə cənub istiqamətindən yüngül və arabir mülayim əsəcəyi gözlənilir.
Şəbnəm Mehdizadə
