“Güvən” Təhsilin İnkişafına Dəstək Fondu qarşıdakı aylarda tələbə gənclərin, gələcək müəllimlərin və ali təhsil müəssisələrində çalışan pedaqoqların bilik və bacarıqlarının artırılmasına, peşəkar inkişafına və karyera imkanlarının genişləndirilməsinə yönəlmiş bir sıra ödənişsiz təlim proqramlarının həyata keçirilməsini planlaşdırır. Müasir dövrdə təhsilin inkişafı yalnız biliklərin ötürülməsi ilə məhdudlaşmır. Gənclərin şəxsi və peşəkar inkişafı, müəllimlərin müasir tədris metodlarına yiyələnməsi, rəqəmsal texnologiyalardan səmərəli istifadə və əmək bazarının tələblərinə uyğun kompetensiyaların formalaşdırılması təhsil sisteminin qarşısında duran əsas çağırışlardandır.
E-huquq.az xəbər verir ki, Fondun nəzərdə tutduğu əsas istiqamətlərdən biri pedaqoji ixtisaslar üzrə təhsil alan tələbələrin, gələcək müəllimlərin və artıq pedaqoji fəaliyyətə başlayan gənc müəllimlərin peşəkar hazırlığının gücləndirilməsidir. Bu istiqamətdə təşkil olunacaq təlimlərdə müəllimin pedaqoji davranış və etik ünsiyyət qaydaları, tədris prosesinin effektiv təşkili, auditoriyanın, o cümlədən çətin auditoriyaların idarə edilməsi, şagirdlərin motivasiyasının artırılması, valideynlərlə düzgün kommunikasiya münasibətlərinin qurulması, müasir təlim metodlarından istifadə və digər aktual pedaqoji məsələlər əhatə olunacaq. Təlimlərin nəzəri biliklərlə yanaşı, praktiki tapşırıqlar, situasiya təhlilləri və interaktiv fəaliyyətlər əsasında təşkili nəzərdə tutulur. Bununla da iştirakçıların real pedaqoji mühitdə qarşılaşa biləcəkləri çətinliklərə hazır olmalarına və praktik bacarıqlar qazanmalarına şərait yaradılması hədəflənir.
Fondun diqqət yetirdiyi digər mühüm istiqamət ali təhsil müəssisələrində çalışan müəllimlərin akademik və pedaqoji potensialının inkişaf etdirilməsidir. Bu məqsədlə “Yeni nəsil universitet müəllimi: tədris, elmi fəaliyyət və peşəkar inkişaf” adlı xüsusi təlim proqramının cari ilin dekabr ayından etibarən bir neçə ali təhsil müəssisəsi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilməsi planlaşdırılır. Proqram universitet müəllimlərinin müasir ali təhsil mühitinin tələblərinə uyğunlaşmasına, tədris və elmi fəaliyyətlərinin təkmilləşdirilməsinə, beynəlxalq akademik mühitdə iştirak imkanlarının genişləndirilməsinə xidmət edəcək.
Təlim proqramı aşağıdakı əsas istiqamətləri əhatə edəcək:
– Müasir universitet müəlliminin pedaqoji kompetensiyaları: pedaqoji davranış qaydaları, akademik etika, tələbələrlə effektiv kommunikasiya, müasir auditoriyanın idarə olunması və interaktiv tədris metodları;
– Süni intellekt və rəqəmsal texnologiyalar: süni intellekt alətlərindən istifadə etməklə dərslərin təşkili, tədris materiallarının hazırlanması, müasir rəqəmsal platformaların tətbiqi və tədris prosesinin təkmilləşdirilməsi, imtahan və qiymətləndirmənin müasir metodları;
– Beynəlxalq elmi nəşrlər və tədqiqat fəaliyyəti: Scopus və Web of Science bazalarında indekslənən jurnallarda elmi məqalələrin hazırlanması və nəşri, elmi tədqiqatların keyfiyyətinin artırılması və beynəlxalq akademik standartların öyrənilməsi;
Fondun həyata keçirməyi planlaşdırdığı digər mühüm layihə ali təhsil və orta ixtisas təhsili müəssisələrinin buraxılış kurslarında təhsil alan tələbələrin karyera inkişafına və əmək bazarına hazırlığına yönəlib. “Özünüinkişaf formulu: bilik və bacarıqla uğura doğru” adlı layihənin əsas məqsədi gənclərin ali və orta ixtisas təhsilini başa vurduqdan sonra peşəkar həyata daha hazırlıqlı, inamlı və rəqabətqabiliyyətli şəkildə qədəm qoymalarına dəstək olmaqdır. Layihə çərçivəsində tələbələr üçün şəxsi inkişaf, özünü təqdimetmə, effektiv kommunikasiya, liderlik, komanda işi, emosional intellekt, vaxtın idarə edilməsi, problem həll etmə, qərarvermə, CV hazırlanması, iş müsahibələrinə hazırlıq və karyera planlaşdırılması istiqamətlərində ödənişsiz təlimlərin təşkili nəzərdə tutulur. Təlimlər vasitəsilə tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla tamamlanması, əmək bazarının tələblərini daha yaxşı anlaması, fərdi potensialını düzgün qiymətləndirməsi və gələcək karyera hədəflərini müəyyənləşdirməsi hədəflənir. Layihə xüsusilə təhsil müəssisələrinin sonuncu kurslarında oxuyan, yaxın zamanda əmək fəaliyyətinə başlayacaq gənclər üçün yeni imkanlar yaratmağı nəzərdə tutur.
“Güvən” Təhsilin İnkişafına Dəstək Fondunun bu təşəbbüsləri təhsilə dəstəyin yalnız maliyyə yardımı ilə məhdudlaşmadığını, bilik, bacarıq, peşəkar inkişaf və gələcək imkanların yaradılmasını da əhatə etdiyini nümayiş etdirir. Fondun əsas məqsədi təhsil alan gənclərin, gələcək pedaqoqların və universitet müəllimlərinin inkişafına töhfə verməklə yanaşı, müasir təhsil çağırışlarına cavab verən, təşəbbüskar, bilikli və rəqabətqabiliyyətli insan kapitalının formalaşmasını dəstəkləməkdir. Qarşıdakı aylarda müxtəlif ali təhsil və orta ixtisas təhsili müəssisələri, eləcə də müvafiq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində bu proqramların mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur.




