Məzmuna keç

Bolqarıstanda dövlət qurumlarına kiberhücum: 62 milyon səhifəlik sənəd ələ keçirildi

Bolqarıstanda dövlət qurumlarının informasiya sistemlərinə 5 il ərzində həyata keçirilən kiberhücumlar nəticəsində 62 milyondan çox səhifədən ibarət sənədin ələ keçirildiyi bildirilir.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Bolqarıstanın İnnovasiya və Rəqəmsal Transformasiya naziri İvan Vasilev jurnalistlərə açıqlamasında dövlət qurumlarına qarşı indiyədək məlum olan ən uzunmüddətli kibercasusluq əməliyyatının qarşısının uğurla alındığını bildirib.

Nazirin sözlərinə görə, bir sıra beynəlxalq haker qrupları 2021-ci ildən etibarən dövlət qurumlarının sənəd mübadiləsi üçün istifadə etdiyi sistemlərə gizli giriş əldə edərək dövlətin fəaliyyəti ilə bağlı həssas məlumatları toplayıb.

Vasilev hücumçuların ən azı 130 giqabayt həcmində, 62 milyondan çox səhifədən ibarət dövlət sənədini ələ keçirdiyini qeyd edib. Bununla belə, indiyədək Bolqarıstan vətəndaşlarının şəxsi məlumatlarının ələ keçirildiyinə dair hər hansı sübut aşkarlanmayıb.

Nazir kiberhücumların uzun illər ərzində müəyyən edilməməsini əvvəlki mühafizə sistemlərinin vahid və inteqrasiya olunmuş şəkildə fəaliyyət göstərməməsi ilə əlaqələndirib. Onun bildirdiyinə görə, qanunsuz fəaliyyət yeni milli kibertəhlükəsizlik sisteminin işə salınmasından sonra aşkar edilib.

Hücumçuların hansı ölkələrdən fəaliyyət göstərdiyi barədə məlumat verməyən Vasilev onların istifadə etdiyi infrastrukturla əlaqənin kəsildiyini və zərərli proqram təminatının dövlət sistemlərindən tamamilə təmizləndiyini açıqlayıb.

Şəbnəm Mehdizadə