Argentinanın paytaxtı Buenos-Ayresdə uzun illər ictimai nəqliyyatda istifadə olunmuş 8 köhnə metro vaqonu satışa çıxarılır.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, istismar müddətini başa vurmuş “Fiat-FM-Materfer” model vaqonların gələcəkdə evlərə, restoranlara, emalatxanalara və ya turistlər üçün istirahət məkanlarına çevriləcəyi gözlənilir.
“Banco Ciudad” tərəfindən təşkil olunan hərracda vaqonlar ayrı-ayrılıqda deyil, vahid paket şəklində təklif ediləcək. Satışa 3A, 3B, 11A, 11B, 15A, 15B, 25A və 25B nömrəli vaqonlar daxildir.1980-ci illərdə istehsal edilən bu vaqonların hər birinin uzunluğu 17,77 metr, eni 2,60 metr, hündürlüyü isə 2,30 metrdir. Təxminən 32 ton çəkisi olan və 40 sərnişin oturacağına malik bu nəqliyyat vasitələri geniş ölçüləri sayəsində müxtəlif layihələr üçün uyğun hesab olunur.
Səkkiz vaqonun hamısı üçün başlanğıc qiymət 24 milyon Argentina pesosu müəyyən edilib. Hərracda iştirak etmək istəyənlər ilkin məbləğin 10 faizini – 2,4 milyon peso təminat depoziti ödəməlidirlər. Onlayn hərrac 25 noyabr 2026-cı il tarixində “Banco Ciudad”ın rəqəmsal platformasında keçiriləcək. İştirakçılar əvvəlcə saytda qeydiyyatdan keçməli və depoziti ödəməlidirlər, bundan sonra onlara təklif vermək hüququ təqdim olunacaq.
Şəbnəm Mehdizadə
