Çexiyada bir kənd sakininin tövləsinin bünövrəsində istifadə etdiyi daşın Son Tunc dövrünə aid qədim əşya olduğu üzə çıxıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Çexiyanın Cənubi Moraviya bölgəsində yaşayan bir kənd sakini, bağçasında tapdığı yastı, boz rəngli bir daşı tövləsinin tikintisində istifadə edib. Təxminən 18 il boyunca tikilinin bünövrəsində tərsinə çevrilmiş vəziyyətdə qalan bu daş, həmin ərazidə çöl tədqiqatları aparan arxeoloqların diqqətini çəkib.
Daşın səthindəki izlər araşdırıldıqdan sonra məlum olub ki, bu əşya Son Tunc dövründə metal istehsalında istifadə olunan xüsusi bir alət imiş.Laboratoriyada aparılan rentgen təhlilləri və kimyəvi sınaqlar zamanı daşın səthində mis və qalay izləri aşkar edilib. Ərimiş bürüncdən qalan bu izlər, həmin əşyanın nizə ucluqları üçün nəzərdə tutulmuş iki hissəli tökmə qəlibinin bir yarısı olduğunu göstərir.
Mütəxəssislər müəyyən ediblər ki, bu qəlibdən eyni dizayna malik çoxsaylı nizə ucluqları hazırlamaq üçün istifadə olunub.Qəlibin hazırlanmasında istifadə olunan vulkanik süxurun Cənubi Moraviyada təbii halda mövcud olmadığı, əksinə, təxminən 240 kilometr aralıda yerləşən Karpat dağlarından gətirildiyi müəyyən edilib.
Tədqiqatçılar hesab edirlər ki, bu daş bölgəyə xammal kimi deyil, hazır tökmə qəlibi şəklində gətirilmişdir.
Bu tapıntı, Tunc dövründə Mərkəzi Avropadakı icmalar arasında uzun məsafəli ticarət əlaqələrinin mövcudluğuna dəlalət edir.
Şəbnəm Mehdizadə
