“Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında müzakirəyə təqdim olunan “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə layihə konseptual baxımdan məhkəmə ekspertinə münasibətdə irəli sürülən ixtisas tələblərinin dəqiqləşdirilməsi, məhkəmə ekspertlərinin fəaliyyət göstərdikləri və xüsusi biliklər tələb edən sahəyə uyğun olaraq ali təhsilə malik olmalarının təmin edilməsi, şahədətnamələrin verilməsində vahid hüquqi meyarların tətbiqinə və ekspert rəylərinin keyfiyyət kriteriyalarının əhəmiyyətli dərəcədə artırılması məqsədinə xidmət edir”.
E-huquq.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Nizami Səfərov parlamentin bugünkü plenar iclasında Məhkəmə ekspertizası fəaliyyəti haqqında qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
O diqqətə çatdırıb ki, belə bir mühüm dəyişikliyin olunması Dövlət Başçısnın 11 dekabr 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Konsepsiyanın” prioritet istiqmətlərini müəyyən edən 6-cı bölməsinin 6.4.2.2-ci yarımbəndində və Tədbirlər Planının 8.4.2-ci bəndində əksini tapıb və həmin müddəalarda məhkəmə ekspertinin ixtisası üzrə tələb olunan baza ali təhsil sahələrinin müəyyən edilməsi və bu sahələrdə ixtisaslı kadrların məhkəmə ekspertizası fəaliyyətinə cəlb edilməsi üzrə tədbirlər görülməsi qeyd edilib.
“Məlum olduğu kimi, hazırda qüvvədə olan Qanunda məhkəmə ekspertinə münasibətdə ali təhsil və xüsusi biliklərə malik olma tələbi müəyyən edilsə də, şəxsin ali təhsil ixtisasının fəaliyyət göstərəcəyi məhkəmə eksperti ixtisasına uyğunluğu məsələsi tənzimlənməyib.
Layihəyə əsasən, məhkəmə eksperti statusunda fəaliyyət göstərəcək şəxsin xüsusi bilikləri müvafiq məhkəmə eksperti ixtisası üzrə olmalıdır. Həmçinin hər bir məhkəmə eksperti ixtisası üzrə fəaliyyət göstərmək üçün tələb edilən ali təhsil ixtisasları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı əsasında tənzimlənməsi təklif edilir.
Bundan əlavə, qanun layihəsinə uyğun olaraq, qüvvədə olan qanunun 11-ci maddəsində terminoloji dəqiqləşdirmə aparılaraq, “məhkəmə ekspertizası ixtisası” ifadəsinin əvəzinə “məhkəmə eksperti ixtisası” termininin daxil edilməsi nəzərdə tutulur”, – deyə deputat qeyd edib.
Şəbnəm Mehdizadə
