Məzmuna keç

“Ədalətsiz ekspert rəyi ədalətli hakimi də yanlış qərara gətirə bilər”

“Ədalətsiz ekspert rəyi ədalətli hakimi də yanlış qərara gətirə bilər”.

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev parlamentin bugünkü plenar iclasında “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, məhkəmə eksperti sıradan bir mütəxəssis deyil. Onun hazırladığı bir neçə cümlə insanın azadlığını, mülkiyyətini, ailəsinin və hətta bütöv bir nəslin gələcəyini müəyyən edə bilər.

Onun sözlərinə görə, hakim hökm çıxarsa da, bir çox hallarda həmin hökmün formalaşmasında ekspert rəyi həlledici rol oynayır.

“Ona görə də bizim məqsədimiz yalnız diplomu ixtisasına uyğun olan ekspert yetişdirmək deyil, həm də vicdanına, biliyinə və obyektivliyinə etibar edə biləcəyimiz ekspertiza sistemi qurmaq olmalıdır.

Təsəvvür edək ki, vətəndaşın evi qəzalı vəziyyətə düşüb, yol qəzasında ona ziyan dəyib, həkim səhvi nəticəsində sağlamlığını itirib və yaxud mülkiyyət hüququ pozulub. Bütün bu hallarda onun öz haqqını sübut etməsi ekspert rəyindən asılı ola bilər.

Bəs ekspert səhv edərsə, vətəndaş nə etməlidir? Ekspertin səhvini kim və necə müəyyən etməlidir? Vətəndaşın başqa bir ekspertə müraciət etmək üçün maddi imkanı yoxdursa, öz haqqını necə müdafiə etməlidir?

Hesab edirəm ki, məhkəmə ekspertizası sistemində alternativ ekspertiza imkanlarını genişləndirməli, sağlam rəqabət mühiti yaratmalı və ekspertlərin müstəqilliyini gücləndirməliyik. Vətəndaş ekspert rəyinin dəyişdirilməsi üçün kiminsə qapısını döyməli, tanış axtarmalı deyil. Onun əlində işlək hüquqi mexanizm olmalıdır”, – deyə R.Nurullayev qeyd edib.

Deputat ekspertlərin peşəkarlığının davamlı qiymətləndirilməsinin də vacibliyini vurğulayıb: “Diplom insanın vaxtilə təhsil aldığını göstərir, amma onun bu gün nə dərəcədə peşəkar olduğunu tam sübut etmir. Elm dəyişir, texnologiyalar yenilənir, yeni ekspertiza metodları meydana çıxır. Buna görə də ekspertlərin bilik və bacarıqlarının dövrün tələblərinə uyğun olması üçün onlar müntəzəm olaraq peşıə biliklərinin artırılması kurslarına cəlb olunmalıdır.

Təklif edirəm ki, ekspert rəylərinin keyfiyyətinə dair illik statistika da ictimaiyyətə açıqlansın. Neçə ekspert rəyi təkrar ekspertiza nəticəsində təkzib olunub? Neçə rəydə ciddi nöqsan aşkarlanıb? Neçə ekspert barəsində məsuliyyət tədbiri görülüb? Bu məlumatların açıqlanması sistemə olan ictimai etimadı artıra bilər. Əlbəttə, ekspert də səhv edə bilər. Ancaq ekspertin səhvinin bütün ağırlığını vətəndaş daşımamalıdır. Biz elə bir sistem qurmalıyıq ki, ekspert vəzifəsindən, nüfuzundan və ona müraciət edən qurumdan asılı olmayaraq, yalnız elmin və həqiqətin tərəfində dayansın. Çünki ədalətsiz ekspert rəyi ədalətli hakimi də yanlış qərara gətirib çıxara bilər”.

Şəbnəm Mehdizadə