Məzmuna keç

Hüququn aliliyinə xidmət edən 30 il: Naxçıvanda hüquq təhsilinin dünəni, bu günü və sabahı

Hüquqi dövlətin gücü təkcə mükəmməl qanunların mövcudluğu ilə deyil, eyni zamanda həmin qanunların mahiyyətini anlayan, ədaləti peşə prinsipi, insan hüquqlarını isə ali dəyər kimi qəbul edən hüquqşünasların yetişdirilməsi ilə ölçülür. Çünki hüquq sadəcə ictimai münasibətləri tənzimləyən normalar sistemi deyil, dövlətlə vətəndaş arasında etimadın, cəmiyyətdə ədalətin və insan ləyaqətinə hörmətin başlıca təminatıdır. Bu mənada hüquq təhsili hüquqi düşüncə mədəniyyətinin, vətəndaş məsuliyyətinin və dövlətçilik şüurunun formalaşdırılması prosesidir.

Bu il Naxçıvan Dövlət Universitetində hüquqşünaslıq ixtisasının yaradılmasının 30 ili tamam olur. Otuz il əvvəl əsası qoyulan bu təhsil istiqaməti ötən müddət ərzində mühüm inkişaf yolu keçərək Naxçıvanda ali hüquq təhsilinin formalaşmasında, hüquq-mühafizə orqanları, dövlət idarəçiliyi və digər sahələr üçün ixtisaslı mütəxəssislərin hazırlanmasında əhəmiyyətli rol oynayıb.

Dövlətçilik tarixinin mühüm mərhələsində atılan addım

1996-cı ildə Naxçıvan Dövlət Universitetində hüquqşünaslıq ixtisasının yaradılması Azərbaycan dövlətçiliyinin mühüm tarixi mərhələsinə təsadüf edirdi. Müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hüquqi dövlət quruculuğu, demokratik institutların formalaşdırılması və qanunvericilik sisteminin yenilənməsi istiqamətində fundamental islahatlara qədəm qoymuşdu.

1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının ümumxalq səsverməsi ilə qəbul edilməsi ölkəmizin hüquqi inkişafında yeni dövrün başlanğıcını qoymuşdu. Bu Konstitusiya insan və vətəndaş hüquqlarının təminatını, hakimiyyət bölgüsünü, qanunun aliliyini və hüquqi dövlət prinsiplərini milli dövlətçiliyimizin konstitusion əsaslarına çevirdi.

Belə bir dövrdə yeni hüquqşünas nəslinin yetişdirilməsi artıq yalnız ali təhsil məsələsi deyil, dövlətin institusional inkişafının mühüm zərurəti idi.

Məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ilin yayında Naxçıvan Dövlət Universitetində hüquqşünaslıq ixtisasının əsası qoyuldu. İlk ildə əyani və qiyabi təhsil formaları üzrə cəmi 50 tələbənin qəbul edilməsi ilə başlanan bu yol sonrakı onilliklərdə genişlənərək bütöv bir hüquq təhsili ənənəsinə çevrildi.

Bu təşəbbüsün strateji əhəmiyyəti ondan ibarət idi ki, Naxçıvanda hüquqşünas kadrların yerli akademik mühitdə hazırlanması üçün imkan yarandı. Regionun hüquq-mühafizə və idarəetmə strukturlarının peşəkar kadrlara olan tələbatının ödənilməsi, hüquqi biliklərin cəmiyyətdə yayılması və milli hüquq düşüncəsinin inkişafı baxımından yeni perspektivlər açıldı.

50 tələbədən formalaşan hüquq təhsili ənənəsi

Naxçıvan Dövlət Universitetində hüquqşünaslıq ixtisası ilk illərdə Tarix-filologiya fakültəsinin tərkibində fəaliyyət göstərirdi. 1997-ci ildə hüquq fənlərinin tədrisinin təşkilati əsaslarının formalaşdırılması istiqamətində mühüm addımlar atıldı, “Hüquq fənləri” kafedrası yaradıldı. Həmin dövrdən etibarən hüquq-mühafizə orqanlarında və dövlət idarəçiliyi strukturlarında çalışan şəxslərin əlavə ali hüquq təhsili alması üçün də imkanlar genişləndirildi.

1998-ci ildə ixtisasın İqtisad fakültəsi ilə birləşdirilməsi, 1999-cu ildə İqtisad–hüquq fakültəsinin təşkil olunması və 2003–2004-cü tədris ilindən müstəqil “Sosial idarəetmə və hüquq” fakültəsinin fəaliyyətə başlaması bu istiqamətdə kadr hazırlığının tədricən daha sistemli xarakter aldığını göstərirdi.

2000-ci ildə universitetin ilk hüquqşünas məzunlarının əmək fəaliyyətinə başlaması isə bu tarixi yolun mühüm nəticələrindən biri oldu.

İllər ərzində formalaşan akademik ənənələr, professor-müəllim heyətinin zəhməti və tədrisin təşkilati imkanlarının genişləndirilməsi hüquqşünaslıq ixtisasının universitetin mühüm təhsil istiqamətlərindən birinə çevrilməsinə şərait yaratdı.

2020-ci ildə Beynəlxalq münasibətlər və hüquq fakültəsinin yaradılması, 2024-cü ildə hüquq fənlərinin tədrisinin Ümumi hüquq və Xüsusi hüquq kafedraları üzrə yenidən təşkil edilməsi isə ixtisaslaşmanın dərinləşdirilməsi və akademik idarəetmənin təkmilləşdirilməsi baxımından inkişafın növbəti mərhələləri oldu.

Hüquq elmi və akademik potensial

Hər bir ali təhsil müəssisəsinin davamlı inkişafını təmin edən başlıca amillərdən biri onun elmi-pedaqoji potensialıdır. Hüquq təhsilində bu amil xüsusi əhəmiyyət daşıyır. Çünki hüquq dinamik ictimai münasibətlərlə birbaşa bağlı olan, qanunvericilikdə baş verən dəyişikliklərin, məhkəmə təcrübəsinin, elmi-nəzəri yanaşmaların və beynəlxalq hüquqi tendensiyaların daim izlənilməsini tələb edən elm sahəsidir.

Naxçıvan Dövlət Universitetində hüquqşünaslıq ixtisasının 30 illik inkişaf tarixində müxtəlif dövrlərdə fəaliyyət göstərmiş hüquqşünas alimlərin, professor-müəllim heyətinin və praktik hüquqşünasların mühüm xidmətləri olmuşdur. İxtisasın təşəkkül tapdığı ilk illərdən etibarən onların fədakar elmi-pedaqoji fəaliyyəti hüquq təhsilinin institusional əsaslarının yaradılmasına, akademik ənənələrin formalaşmasına, milli hüquqşünas kadrların yetişdirilməsinə və hüquqi düşüncə mədəniyyətinin inkişafına mühüm töhfələr vermişdir. Bu gün əldə olunan nailiyyətlərin təməlində müxtəlif müəllim nəsillərinin illər boyu formalaşdırdığı zəngin akademik irs dayanır.

Müasir mərhələdə Naxçıvan Dövlət Universitetində hüquq təhsilinin inkişafını səciyyələndirən başlıca istiqamətlərdən biri yüksək ixtisaslı elmi-pedaqoji kadr potensialının gücləndirilməsi, ölkənin nüfuzlu hüquqşünas alimlərinin, beynəlxalq akademik təcrübəyə malik mütəxəssislərin və praktik hüquqşünasların tədris prosesinə cəlb edilməsidir.

Son illərdə hüququn müxtəlif sahələri üzrə fundamental tədqiqatları ilə tanınan professor və dosentlərin, dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil almış və elmi dərəcə əldə etmiş mütəxəssislərin universitetin akademik heyətinə qoşulması hüquq təhsilinin inkişafında yeni keyfiyyət mərhələsinin formalaşmasına xidmət edir. Bu proses tədrisin məzmununun zənginləşdirilməsi, elmi tədqiqat istiqamətlərinin genişləndirilməsi, müasir pedaqoji metodların tətbiqi, hüquq elmi ilə hüquqi praktikanın qarşılıqlı əlaqəsinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Universitetdə formalaşmış hüquqi-elmi irsin mühüm göstəricilərindən biri də professor-müəllim heyətinin elmi və tədris-metodiki yaradıcılığıdır. Universitetin hüquqşünas alimləri tərəfindən hazırlanmış dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar və digər elmi əsərlər Naxçıvan Dövlət Universitetinin auditoriyaları ilə məhdudlaşmayaraq ölkəmizin müxtəlif ali təhsil müəssisələrində istifadə olunan akademik mənbələr sırasında yer alır. Bu nəşrlər milli qanunvericiliyin elmi təhlilinə, hüquq doktrinasının inkişafına, nəzəri biliklərin sistemləşdirilməsinə və gələcək hüquqşünasların peşəkar hazırlığına mühüm töhfə verir.

Hüquq təhsilinin əsl uğuru onun məzunlarıdır

Universitetin uğurunu təkcə auditoriyalarının sayı, maddi-texniki bazası və ya qəbul göstəriciləri ilə qiymətləndirmək doğru olmazdı. Ali təhsil müəssisəsinin cəmiyyətə verdiyi ən böyük töhfə yetişdirdiyi insan kapitalıdır.

Bu baxımdan Naxçıvan Dövlət Universitetində hüquqşünaslıq ixtisasının 30 illik fəaliyyətinin ən mühüm nəticəsi onun məzunlarının peşəkar fəaliyyətində özünü göstərir.

Ötən illər ərzində universitetdə hüquq təhsili almış mütəxəssislər məhkəmə və hüquq-mühafizə orqanlarında, dövlət idarəçiliyində, vəkillik fəaliyyətində,  eləcə də digər özəl qurumlarda peşə fəaliyyətlərini davam etdiriblər.

Lakin müasir hüquqşünasın qarşısında duran vəzifə yalnız mövcud qanunvericiliyi bilmək və tətbiq etməkdən ibarət deyil. Əsl hüquqşünas hüququn fəlsəfəsini anlamalı, qanunla ədalət arasındakı əlaqəni dərk etməli, insan hüquqlarının müdafiəsini peşə fəaliyyətinin mərkəzində saxlamalıdır.

Hüquqşünasın peşəkar nüfuzu onun nə qədər qanun maddəsi əzbərləməsi ilə deyil, həmin bilikləri ədalətin təmin olunmasına nə dərəcədə xidmət etdirə bilməsi ilə müəyyənləşir. Bu səbəbdən hüquq təhsilinin keyfiyyəti bütövlükdə dövlətin hüquqi institutlarının fəaliyyətinə və vətəndaşların ədalət mühakiməsinə olan inamına təsir göstərən mühüm amildir.

Müasir hüquq təhsili: nəzəriyyədən praktikaya

Son illərdə Naxçıvan Dövlət Universitetində həyata keçirilən yeniliklər hüquqşünaslıq ixtisasının inkişafında yeni imkanlar yaradır. Universitetdə Məhkəmə ekspertizası və kriminalistika laboratoriyasının yaradılması, hüquq-mühafizə və ədliyyə orqanları ilə əməkdaşlığın genişləndirilməsi, tələbələrin peşəkar hüquqşünaslarla görüşlərinin və praktik yönümlü tədbirlərin təşkili tədrisin müasir tələblərə uyğunlaşdırılması baxımından əhəmiyyətlidir.

Xüsusilə hüquq təhsilində nəzəri biliklə praktik bacarığın vəhdəti əsas keyfiyyət meyarlarından biridir. Tələbə cinayət prosesini yalnız dərslikdən öyrənməklə kifayətlənməməli, prosessual sənədlərin hazırlanması, hüquqi mövqenin əsaslandırılması, sübutların qiymətləndirilməsi, məhkəmə çıxışı və hüquqi mübahisələrin həlli kimi bacarıqlara da yiyələnməlidir.

Bu baxımdan universitetlə peşəkar hüquq institutları arasında əməkdaşlığın dərinləşdirilməsi mühüm əhəmiyyət daşıyır. Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası arasında əməkdaşlıq əlaqələrinin qurulması da gələcək hüquqşünasların vəkillik fəaliyyətinin mahiyyətini daha yaxından öyrənməsi, peşə etikası və hüquqi müdafiə mexanizmləri barədə praktiki təsəvvürlərinin genişləndirilməsi üçün əlverişli imkanlar yaradır.

Müasir dövrdə hüquq təhsilinin rəqabət qabiliyyətini müəyyənləşdirən amillərdən biri də beynəlmiləlləşmədir. 2026–2027-ci tədris ilindən Naxçıvan Dövlət Universitetində hüquqşünaslıq ixtisasının ingilis dilində də tədris edilməsi bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Bu addım tələbələrin beynəlxalq hüquqi ədəbiyyata çıxışının genişlənməsinə, xarici hüquq sistemlərinin müqayisəli öyrənilməsinə və beynəlxalq akademik mühitə inteqrasiyasına yeni imkanlar açır.

Hüquq təhsilinin gələcəyi – dəyişən dünyanın çağırışları

Otuz il əvvəl hüquqşünas hazırlığında qarşıda duran başlıca vəzifələrdən biri milli qanunvericiliyi dərindən bilən, müstəqil dövlətin hüquqi institutlarında çalışa bilən mütəxəssislər yetişdirmək idisə, bu gün həmin məqsədlər daha geniş məzmun qazanıb.

Rəqəmsal transformasiya, süni intellektin tətbiqi, fərdi məlumatların qorunması, kibertəhlükəsizlik, beynəlxalq kommersiya münasibətləri və insan hüquqlarının yeni təzahürləri hüquq elminin qarşısında tamamilə fərqli suallar qoyur. Artıq hüquqşünas yalnız mövcud hüquqi münasibətləri tənzimləyən normaları bilməməli, texnoloji və sosial dəyişikliklərin yaratdığı yeni hüquqi problemləri də təhlil etməyi bacarmalıdır.

Bu reallıqlar Naxçıvan Dövlət Universitetində hüquq təhsilinin gələcək inkişafı üçün də mühüm istiqamətləri müəyyənləşdirir. Hüquq klinikalarının fəaliyyətinin genişləndirilməsi, tələbələrin real hüquqi problemlərin təhlilinə cəlb olunması, məhkəmə simulyasiya proseslərinin təşkili, beynəlxalq hüquq müsabiqələrində iştirak, müqayisəli hüquq araşdırmalarının gücləndirilməsi və müasir hüquq texnologiyalarının tədrisə inteqrasiyası gələcək inkişaf üçün perspektivli istiqamətlərdir.

Otuz illik irsdən gələcəyin hüquq məktəbinə

Otuz illik təcrübə bir daha göstərir ki, hüquq məktəbinin böyüklüyü yalnız onun tarixi ilə deyil, yetişdirdiyi mütəxəssislərin peşəkarlığı, formalaşdırdığı elmi düşüncə və cəmiyyətin hüquqi inkişafına göstərdiyi təsirlə müəyyən olunur. Bu gün Naxçıvan Dövlət Universitetində hüquq təhsilinin qarşısında yeni və daha məsuliyyətli hədəflər dayanır. Əsas məqsəd mövcud akademik ənənələri qorumaqla yanaşı, tədrisi elmi tədqiqatlarla daha sıx əlaqələndirmək, beynəlxalq əməkdaşlığı genişləndirmək, güclü professor-müəllim potensialı formalaşdırmaq və hüququn müxtəlif sahələri üzrə ixtisaslaşmış mütəxəssislərin yetişdirilməsini təmin etməkdir.

Nəzərə almaq lazımdır ki, hüquq təhsilinə qoyulan sərmayənin nəticəsi təkcə universitetin məzun statistikasında deyil, cəmiyyətin hüquq mədəniyyətində, dövlət institutlarının fəaliyyət keyfiyyətində və vətəndaşların hüquqlarının müdafiəsi səviyyəsində öz əksini tapır. Hüququn aliliyinin təmin olunması isə qanunvericilik mexanizmləri ilə yanaşı, bu prinsipi öz peşə fəaliyyətinin mənəvi əsasına çevirən insanlardan asılıdır.

Hüquqşünas yetişdirmək bir peşənin gələcəyini, hüquqi düşüncə formalaşdırmaq isə bütöv bir cəmiyyətin gələcəyini qurmaq deməkdir. Naxçıvan Dövlət Universitetində hüquqşünaslıq ixtisasının 30 illik tarixinin ən mühüm mənası da məhz bu düşüncədə ifadəsini tapır. 30 il ərzində formalaşan bilik, təcrübə və akademik ənənələr bundan sonra da hüquqa, ədalətə və dövlətçiliyə xidmət edən yeni nəsillərin yetişdirilməsi üçün etibarlı zəmin təşkil edir.

Çünki hüquq təhsilinin ən böyük uğuru yalnız qanunları bilən mütəxəssislər yetişdirmək deyil, ədaləti dəyərə, hüququn aliliyini prinsipə, insan hüquqlarına hörməti isə peşə məsuliyyətinə çevirən hüquqşünaslar formalaşdırmaqdır.

Əziz Qasımov

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,

Naxçıvan Dövlət Universitetinin Ümumi hüquq kafedrasının müəllimi