Məzmuna keç

ABŞ-da qızılca halları artır: 1989-cu ildən əvvəl doğulanlara xəbərdarlıq

ABŞ-da qızılca hallarının artması fonunda mütəxəssislər 1989-cu ildən əvvəl doğulan və uşaqlıq dövründə xəstəliyə qarşı yalnız bir doza peyvənd vurduran milyonlarla yetkin şəxsi mümkün risklərlə bağlı xəbərdar ediblər.

E-huquq.az xəbər verir ki, “The New York Times” qəzetinin məlumatına görə, infeksion xəstəliklər üzrə mütəxəssislər bildirirlər ki, indiyədək əsas narahatlıq peyvənd olunmaq üçün kifayət qədər yaşı olmayan körpələrlə bağlı olsa da, uşaqlıqda yalnız bir doza peyvənd alan şəxslərdə də immun müdafiə zamanla zəifləyə bilər.

Mütəxəssislərin fikrincə, yaşlanma, müxtəlif tibbi vəziyyətlər və istifadə olunan dərmanlar peyvəndin qoruyucu təsirinə təsir göstərə bilər. Bu baxımdan, 1989-cu ildən əvvəl doğulmuş və uşaqlıqda yalnız bir doza peyvənd almış milyonlarla yetkin şəxsin risk səviyyəsi gözləniləndən yüksək ola bilər.

Mütəxəssislər belə şəxslər üçün əlavə, yəni xatırlatma dozasının ən təhlükəsiz və effektiv seçim ola biləcəyini bildirirlər.

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) məlumatına əsasən, ölkədə cari ildə 5 400-dən çox qızılca hadisəsi qeydə alınıb. Bu, 2000-ci ildən bəri müşahidə edilən ən yüksək göstəricidir.

Diqqətçəkən məqamlardan biri qeydə alınan yoluxmaların 40 faizdən çoxunun yetkin şəxslərin payına düşməsidir.

ABŞ-ın 2000-ci ildən bəri qoruduğu “qızılcanın aradan qaldırıldığı ölkə” statusunu yenidən təsdiqləməsi üçün virusun ölkə daxilində fasiləsiz yayılmasının ən azı 12 ay müddətinə dayandırılması tələb olunur.

Mütəxəssislər canlı, zəiflədilmiş virus əsasında hazırlanan peyvəndin hamilə qadınlar və immun sistemi orta və ağır dərəcədə zəifləmiş şəxslər üçün təhlükəsiz olmadığını bildirirlər. Bu səbəbdən digər yetkin şəxslərin immun müdafiəsini gücləndirməsi xüsusi əhəmiyyət daşıyır.

Nyu-York ştatında baş verən epidemiya zamanı virusa məruz qalan yetkin şəxslərin immun vəziyyətini araşdıran Roçester Universitetinin həkimi Brenda Tesini vəziyyətin dəyişdiyini vurğulayaraq, “Artıq oyunun qaydaları dəyişib”, – deyə bildirib.

Harvard Universitetinin Tibb Məktəbinin nevroloqu Puşpa Narayanasvami qızılcanın, xüsusilə peyvənd olunmamış şəxslərdə, ciddi fəsadlara səbəb ola biləcəyini bildirib.

Onun sözlərinə görə, xəstəlik beyin iltihabı, eşitmə və görmə qabiliyyətinin itirilməsi, hətta ölümlə nəticələnə bilər.

Həkim bu ağırlaşmaların qarşısını almağın yeganə yolunun peyvəndlənmə olduğunu vurğulayıb.

Rəsmi məlumatlara görə, ABŞ-da qeydə alınan qızılca hallarının təxminən 96 faizi peyvənd olunmamış və ya peyvənd statusu məlum olmayan şəxslərin payına düşür.

CDC 1989-cu ildən əvvəl doğulan yetkin şəxslər üçün bir doza peyvəndin kifayət etdiyi barədə mövcud tövsiyəsini qüvvədə saxlayır.

Bununla belə, Massaçusets Ümumi Xəstəxanasının infeksion xəstəliklər üzrə mütəxəssisi Kamil Kotton bu tövsiyənin artıq aktuallığını itirmiş ola biləcəyini bildirib. O, peyvənd statusundan və immun müdafiə səviyyəsindən əmin olmayan şəxslərə əlavə doza vurdurmağı tövsiyə edib.

Şəbnəm Mehdizadə