Məzmuna keç

BMT: Somalidə 1,4 milyondan çox insan humanitar yardımdan məhrum olub

Somali üçün nəzərdə tutulan humanitar yardım planının yalnız 36 faizi maliyyələşdirilib. Nəticədə 1,4 milyondan çox insan ehtiyac duyduğu yardımı ala bilməyib.

E-huquq.az xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Düjarrik məlumat verib.

Onun sözlərinə görə, 852 milyon dollar dəyərində olan humanitar yardım planı çərçivəsində indiyədək cəmi 306 milyon dollar vəsait toplanıb. Maliyyə çatışmazlığı və fəaliyyət imkanlarına qoyulan məhdudiyyətlər BMT və tərəfdaşlarını yardım proqramlarını azaltmağa məcbur edib.

Düjarrik bildirib ki, yanvar-oktyabr aylarında təxminən 920 min nəfərə yardım göstərilib. Bu, yardım nəzərdə tutulan 2,4 milyon nəfərin yalnız 38 faizidir.

Qeyd olunub ki, ərzaq yardımı kəskin azalıb, maliyyə çatışmazlığı səbəbindən ölkə üzrə azı 233 qidalanma mərkəzi bağlanıb.

BMT rəsmisi daha çox ixtisarın qarşısını almaq və mövcud yardım proqramlarını davam etdirmək üçün təcili əlavə maliyyə vəsaitinə ehtiyac olduğunu vurğulayıb.

Şəbnəm Mehdizadə