Məzmuna keç

İcra başçısı: “Azərbaycan polisi cinayətkarlığa qarşı barışmaz mübarizə aparır”

Göygöldə Polis Günü qeyd olunub

Göygöldə Polis Günü qeyd olunub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan e-huquq.az-a verilən məlumata görə, bu münasibətlə Göygöldə keçirilən bayram tədbirinin iştirakçıları əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin məzarını ziyarət edib, əziz xatirələri bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.

Tədbirin rəsmi hissəsi rayonun Heydər Əliyev Mərkəzinin binasında davam etdirilib. Əvvəlcə dövlət himni səsləndirildikdən sonra daxili işlər naziri, geneal-polkovnik Vilayət Eyvazovun polis əməkdaşlarına təbriki çatdırılıb.

Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mirnemət Mirbabayev şəxsi heyəti və qonaqları salamlayaraq, Azərbaycan polisinin keçdiyi şərəfli yoldan ətraflı danışıb. O, şəxsi heyətin fəaliyyəti barədə ətraflı məlumat verib.

Daha sonra çıxış edən Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov təbrik nitqində Azərbaycan polisinin keçdiyi 101 illik bu tarixi şərəfli yoldan danışaraq bildirib ki, Ümummilli lider Heydər Əliyevin ölkəmizdə həyata keçirdiyi hərtərəfli islahatların nəticəsi olaraq, Azərbaycan polisi öz peşəkarlığını artırmaqla yanaşı, eyni zamanda beynəlxalq standartlara uyğunlaşdırılıb. Hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə daxili işlər orqanı, o cümlədən Azərbaycan polisi insanların təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanır, cinayətkarlığa qarşı barışmaz mübarizə aparır.

​Tədbirin sonunda polis veteranlarına və xidmətdə fərqlənən bir qrup polis əməkdaşına fəxri fərmanlar və qiymətli hədiyyələr verilib