Məzmuna keç

Ombudsman vəzifəli şəxslərə çağırış etdi

"Ötən dövr ərzində həyata keçirilmiş fəaliyyətin nəticələri göstərir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının etibarlı müdafiəsinin təmin edilməsi məqsədi ilə dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən Ombudsmanın müraciətlərinə Konstitusiya Qanunu ilə müəyyən edilmiş müddətlərdə baxılması, şikayətlərdə əks etdirilmiş halların təxirə salınmadan yoxlanılması işinə diqqət artırılmalıdır".

E-huquq.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

O bildirib ki, müvəkkil yerli icra strukturları tərəfindən pozulan insan hüquqlarının bərpa edilməsi və insanların hüquqlarının müdafiəsinin düzgün təşkili, habelə insan hüquqlarına dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən əməl edilməsinin qaçılmaz zərurət olduğunu nəzərə alaraq həmin orqanlarla əməkdaşlığa böyük üstünlük verilib.

"Ölkənin kənd və rayonlarından Müvəkkilin ünvanına göndərilən şikayətlərlə bağlı müxtəlif yerli icra hakimiyyətlərinə sorğular göndərilmiş və müraciətlər təmin edilib. Təmin edilmiş müraciətlər əmək hüquqları, o cümlədən işə bərpa, əmək haqqı borcunun ödənilməsi, bundan başqa, sosial təminat hüququ, sahibkarlıq fəaliyyəti, torpağa mülkiyyət hüququ, mənzil hüququ və s. ilə bağlı olub. Müvəkkil respublikamızın müxtəlif şəhər və rayonlarında keçirilmiş görüşlər zamanı ərizəçiləri qəbul etmiş, şikayətlərə baxmış və bir sıra məsələlər yerində yerli icra hakimiyyəti orqanlarının əməkdaşları ilə birlikdə həll edilmişdir. Bu cür tədbirlər rayonlarda ərizələrə baxılmasının səmərəliliyinin artmasına, Ombudsman təsisatının nüfuzunun yüksəlməsinə və ona inamın daha da artmasına xidmət edib.

Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş müvafiq qərarlara əsaslanaraq ölkədə kütləvi tədbirlərin keçirilməsi də təxirə salındığına görə əhali qruplarının hüquqi maarifləndirilməsi, xüsusilə də sağlamlıq hüquqlarının təbliğinə əsaslanan məlumatlandırma tədbirləri ilə yanaşı, pozulmuş hüquqların bərpasına və pozulmasının qarşısının alınmasına xidmət edən işlər canlı təmas olmadan, müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə edilməklə həyata keçirilir.

Müvəkkil tərəfindən əvvəllər ənənəvi formada, hazırda isə mövcud vəziyyətlə əlaqədar onlayn formatda təşkil edilmiş və insan hüquqlarının müdafiəsi məsələlərinə həsr olunmuş bir çox tədbirlərdə dövlət qurumlarının, yerli özünüidarə orqanlarının və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər", – deyə S. Əliyeva qeyd edib.