Məzmuna keç

Kobaxidze: Cənubi Qafqazdakı nəqliyyat dəhlizləri Aİ üçün mühüm əhəmiyyət daşıyır

“Avropa İttifaqı üçün hazırda Qara dəniz regionunda və Cənubi Qafqazdakı nəqliyyat və rəqəmsal dəhlizlər mühüm əhəmiyyət daşıyır”.

E-huquq.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Dublində Avropa Siyasi Birliyinin 9-cu sammiti çərçivəsində İrlandiyanın Beynəlxalq və Avropa Məsələləri İnstitutunda keçirilən müzakirədə çıxışında deyib.

Onun sözlərinə görə, dünyada hazırkı geosiyasi vəziyyətdə Gürcüstan və Cənubi Qafqaz regionu Avropanın Şərqə doğru gedən yeganə marşrutu olaraq qalır.

“İqtisadi baxımdan Avropa İttifaqı ilə Gürcüstan arasında sıx əməkdaşlığın və möhkəm əlaqələrin qorunub saxlanılması həm Gürcüstan, həm də Avropa üçün müstəsna əhəmiyyət kəsb edir. Gürcüstan dənizə çıxışı olmayan yeddi ölkə üçün Qara dənizə, dolayısı ilə Qərb dünyasına, yəni Avropaya bir körpü rolunu oynayır. Bura Cənubi Qafqazda Qara dənizə çıxışı olmayan iki dövlət, eləcə də Mərkəzi Asiyanın beş ölkələri daxildir”, – Kobaxidze əlavə edib.

Baş nazir regionu Avropa ilə artıq birləşdirən bir neçə mühüm strateji layihənin mövcud olduğunu vurğulayıb: “Məsələn, Xəzər dənizindən Avropa İttifaqına üzv dövlətlərə təbii qaz və neftin nəql olunduğu strateji boru kəmərləri. Bunlara Aİ ölkələrinə təbii qaz çatdıran Bakı-Tbilisi-Ərzurum boru kəməri və Avropa dövlətlərini neftlə təmin edən Bakı-Tbilisi-Ceyhan boru kəməri daxildir. Bunlar sadəcə bir neçə nümunədir”.