Sosial şəbəkələrdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) məxsus olduğu iddia edilən, evdə müalicə alan vətəndaşlara pulsuz verilməli olan müalicə paketləri satıldığı ilə bağlı məlumatlar yayılıb.
E-huquq.az xəbər verir ki, bununla bağlı fotoları paylaşan sosial şəbəkə istifadəçiləri həmin paketlərin apteklərdə 53 manata təklif edildiyini bildirib.
Məsələ ilə bağlı TƏBİB-dən "Report"a bildirilib ki, həmin paketlər Birliyə məxsus deyil: “TƏBİB yalnız regionlarda evdə müalicə alan xəstələri dərmanlarla təmin edir və həmin dərman paketlərinin hər iki, ön və arxa tərəfində TƏBİB-in loqosu var. Amma satışa çıxarılan paketlərin üzərində TƏBİB-ə aid loqo yoxdur. Hansısa aptek tərəfindən dizayn olunub”.
