Mülki Prosessual Məcəlləyə dair yeni islahat paketi məhkəmə aidiyyəti ilə bağlı məsələlərin təkmilləşdirilməsini, məhkəmələrdə işlərə baxılmasının səmərəliliyinin artırılmasını və yazılı icraat qaydalarının təkmilləşdirilməsini nəzərdə tutur.
E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının sədri Sənan Hacıyev məlumat verib.
Onun sözlərinə görə, islahat paketinin əsas istiqamətlərindən biri məhkəmə aidiyyəti ilə bağlı məsələlərin həllinin hazırlıq mərhələsi ilə məhdudlaşdırılmasıdır. Yeni qaydalara əsasən, tərəflər işin məhkəmə aidiyyətinə dair vəsatəti hazırlıq mərhələsində vermədikdə, istisna hallar xaric, sonrakı mərhələlərdə bu imkandan istifadə edə bilməyəcəklər.
Eyni zamanda, iddia ərizəsinin icraata qəbul edilməsi və işin məhkəmədə baxılmağa hazırlanması mərhələlərində məhkəmə aidiyyətinin yoxlanılması hakimin xidməti vəzifəsi kimi müəyyən ediləcək. Bununla yanaşı, istisna hallar xaric, məhkəmə aidiyyətinin pozulması əsası ilə yuxarı instansiya məhkəmələrində məhkəmə qərarlarının ləğv edilməsi imkanı aradan qaldırılacaq.
Sənan Hacıyev bildirib ki, dəyişikliklər məhkəmə aidiyyəti anlayışının əhatə dairəsini də genişləndirəcək. Belə ki, Mülki Prosessual Məcəllədə məhkəmə aidiyyəti indiyədək mülki və kommersiya aidiyyətini əhatə edirdisə, bundan sonra inzibati aidiyyət də bu çərçivəyə daxil ediləcək. Nəticədə Ali Məhkəmənin qarışıq tərkibləri inzibati məhkəmələrin xətti ilə daxil olan aidiyyət mübahisələrinə də baxacaqlar.
İslahat paketinin digər mühüm istiqaməti məhkəmələrdə işlərə baxılmasının səmərəliliyinin artırılmasıdır.
Bu çərçivədə apellyasiya məhkəmələrində sadələşdirilmiş icraat qaydasında baxılan işlərə, eləcə də işin mahiyyəti üzrə baxılması ilə bağlı olmayan qərardadlardan verilmiş şikayətlərə hakim tərəfindən təkbaşına baxılması nəzərdə tutulur.
Bundan başqa, hazırlıq mərhələsinin əhəmiyyətinin artırılması məqsədilə iddia ərizəsinin geri qaytarılması ilə bağlı qaydalara da dəyişiklik edilir. Əvvəlki qaydalara əsasən, cavabdehin mövqeyi öyrənilmədən müvafiq qərardadın qəbul edilməsi mümkün idisə, yeni qaydalara əsasən, işin baxılmamış saxlanılması üçün cavabdehin razılığı tələb olunacaq. Cavabdeh razılıq vermədikdə isə hakim işə baxılmasını davam etdirməli olacaq.
Sənan Hacıyev əlavə edib ki, islahat paketi çərçivəsində yazılı icraatla bağlı bir sıra məsələlərin də təkmilləşdirilməsi nəzərdə tutulur.
