Məzmuna keç

Ödənilməyən alimentlər: həbs çıxış yoludurmu?

Aliment borcunu ödəmədiyinə görə həbs olunanların sayı artıb.

Bu ilin ilk 6 ayı ərzində 1020 şəxs aliment borcunu ödəməkdən qəsdən yayındığına görə inzibati qaydada həbs edilib. Bundan əlavə həmin dövr ərzində 3198 şəxs barəsində alimentin tutulması ilə bağlı axtarış qərarı qəbul edilib.

Bəs bu cəza tədbirləri məsələnin həllində necə rol oynayır? Ümumiyyətlə, şəxsin həbs edilməsi ilə aliment problemi aradan qaldırılırmı?

Milli Məclisin deputatı Fazil Mustafa mövzu ilə bağlı fikirlərini e-huquq.az-la bölüşüb. Həbsin çıxış yolu olmadığını deyən deputatın sözlərinə görə, problemin həlli üçün Aliment Fondunun yaradılmalıdır.

“Mən təklif edərdim ki, dövlət tərəfindən Aliment Fondu yaradılsın və alimentlər bu fond tərəfindən verilsin. Daha sonra aliment ödəməli olan şəxslərdən dövlət özü bu pulu alsın. Şəxs özü həyatda olmadıqda da onun varsiləri tərəfindən bu məbləğ ödənilməlidir. Fikrimcə, yeganə yol budur. Uşağa normal aliment pulu ödənilməlidir ki, o, sağlam böyüsün. Amma kimisə həbs etməklə o alimenti almaq olmur”.

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni isə hazırda Azərbaycanda aliment borcunun ödənilməsi ilə bağlı ciddi problemlər var:

"Ailələr dağılır, aliment ödənilmir və nəticədə uşaqlar təminatsız qalır. Bununla bağlı inzibati cəzaların olması qanunun tələbidir. Məsuliyyətdən yayınanlar hansısa formada cəzalandırılmalıdır. Amma düşünürəm ki, həbs cəzası çıxış yolu deyil. Ölkə prezidentinin sərəncamları göstərir ki, dövlət siyasətinin humanistləşməsi xətti götürülüb. Bu baxımdan problemin həlli üçün adekvat tədbirlər görülməlidir”.

R.Zeyni də Aliment Fondunun yaradılmasının bu istiqamətdə müsbət irəliləyişə səbəb olacağını qeyd edib.

“Bir neçə il öncə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Aliment Fondunun yaradılmasını təklif etmişdi. Düşünürəm ki, belə bir fondun yaradılması vəziyyəti nisbətən yaxşılaşdıra bilər. Həmin fond müəyyən mənada ailələrin təminatını öz üzərinə götürə bilər. Lakin bununla da problemin həllinə tam nail ola bilmərik. Çünki bu, çox ciddi problemdir, ona görə də bu istiqamətdə ciddi addımlar atılmalıdır”.

Xəyalə Bünyatova