Məzmuna keç

Mobil nömrələrlə bağlı XƏBƏRDARLIQ: Şəxsi məlumatlar risk altında

Milli Məclisdə mobil nömrələrin istifadədən çıxarıldıqdan sonra yenidən satışa və ya başqa abonentin istifadəsinə verilməsi ilə bağlı məsələyə toxunulub.

E-huquq.az xəbər verir ki, Milli Məclisin deputatı Razi Nurullayev parlamentin bugünkü iclasında çıxışı zamanı bildirib ki, bu şəxsi məlumatların qorunması sahəsində problem yarada bilər.

“Artıq telefon nömrəsi sadəcə danışıq və SMS vasitəsi deyil. Bu gün vətəndaş bank hesabını, sosial şəbəkə hesablarını, elektron poçtunu, müxtəlif tətbiqləri, dövlət və digər elektron xidmətləri mobil nömrəsi ilə əlaqələndirir. Bir çox hallarda həmin nömrə hesabın bərpası və təsdiqi üçün əsas vasitələrdən birinə çevrilib. İndi təsəvvür edək ki, vətəndaş bir nömrədən müəyyən müddət istifadə edir, sonra müxtəlif səbəblərdən onu aktiv saxlamır. Nömrə müəyyən müddətdən sonra ləğv olunur və yenidən başqa abonentə verilir. Əgər əvvəlki istifadəçi bank, elektron poçt və sosial şəbəkə hesablarında həmin nömrəni dəyişməyibsə, yeni abonent əvvəlki istifadəçiyə aid təsdiq mesajları və digər məlumatlarla qarşılaşa bilər. Bu, artıq sadəcə narahatlıq məsələsi deyil. Burada şəxsi məlumatların qorunması, hesabların təhlükəsizliyi və potensial dələduzluq riski var”, – deyə deputat qeyd edib.

Onun sözlərinə görə, rəqəmsal həyat dəyişib və qaydalar da bu reallığa uyğunlaşmalıdır: “Düşünürəm ki, istifadə olunmayan nömrələrin yenidən dövriyyəyə buraxılması ilə bağlı vahid təhlükəsizlik standartlarına ehtiyac var. Nömrə yeni abonentə verilməzdən əvvəl müəyyən karantin müddəti tətbiq edilə, yüksək riskli xidmətlərlə əlaqələndirilmiş nömrələr üçün əlavə qoruyucu mexanizmlər yaradıla bilər. Eyni zamanda, operatorların və bankların, elektron xidmətlərin, sosial platformaların nömrə dəyişdirildikdə hesabların təhlükəsizliyinin qorunması ilə bağlı qarşılıqlı mexanizmləri gücləndirilməlidir. Ən əsası isə vətəndaş məlumatlandırılmalıdır. İnsan bilməlidir ki, istifadə etdiyi nömrə gələcəkdə başqa şəxsə verilə bilər və nömrədən imtina etməzdən əvvəl bank, sosial şəbəkə və digər hesablarında əlaqə vasitəsini dəyişməlidir. Biz rəqəmsallaşmanı sürətləndiririk. Deməli, rəqəmsal təhlükəsizlik qaydalarını da eyni sürətlə inkişaf etdirməliyik. Telefon nömrəsi artıq sadəcə nömrə deyil – bir çox hallarda insanın rəqəmsal kimliyinə giriş açarıdır. Bu səbəbdən onun yenidən dövriyyəyə buraxılması da yalnız kommersiya və texniki məsələ kimi deyil, informasiya təhlükəsizliyi məsələsi kimi qiymətləndirilməlidir”.

Şəbnəm Mehdizadə