B.Ə.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu tərəfindən Mərkəzi Qan Bankının əməkdaşlarının iştirakı ilə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq məqsədilə qanvermə aksiyası keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan e-huquq.az-a verilən məlumata görə, “Qan ver, yaşat!” devizi ilə reallaşan humanitar aksiyada Cəlilabad Rayon Polis şöbəsinin şəxsi heyəti fəallıq nümayiş etdiriblər.
Polis işçiləri belə tədbirlərin keçirilməsini təqdirəlayiq hesab etməklə xəstə insanların heç də cəmiyyətdən kənarda qalmadıqlarını nümayiş etdiriblər. Onlar tibbi müayinədən keçdikdən sonra qan veriblər.
Qeyd edək ki, yığılan qanlar Qan Bankına təhvil veriləcək və talassemiya xəstəliyindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.
