"Pandemiya dövründə məhkəmə proseslərinin onlayn formada keçirilməsi bu sahədə müəyyən çətinliklərin olduğunu üzə çıxardı".
E-huquq.az-ın məlumatına görə, bunu Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti Ramin Qurbanov “CEPEJ və məhkəmə-hüquq islahatları: Azərbaycanın nailiyyətləri” mövzusunda keçirilən onlayn brifinqdə deyib.
Onun sözlərinə görə, videokonfrans formatında keçirilən məhkəmə proseslərinin səmərəliliyini artırmaq üçün qanunvericilikdə müəyyən dəyişikliklər edilməlidir.
"Məhkəmə proseslərinin onlayn formada keçirilməsinin müəyyən özünəməxsusluqları var. Bu zaman müəyyən çətinliklər də üzə çıxdı. Burada bir tərəfdən ənənələrə fərqli bir yanaşma mövcud oldu. Bilirsiniz ki, ənənəvi məhkəmə proseslərinin keçirilməsi zamanı hakim qərarı elan etdikdə hamı ayağa qalxır. Amma müəyyən texniki məsələlərə görə videokonfrans vasitəsilə keçirilən iclaslarda bunu etmək mümkün olmur. Lakin qanunvericilikdə bununla bağlı tələblər irəli sürülür və buna riayət olunmaması müəyyən problemlər yarada bilər. Ona görə də həm qanunvericilik, həm də yanaşma dəyişməlidir. Hazırda iş yükü çox olan məhkəmələrdə ən azı bir zalda videokonfrans avadanlıqları quraşdırılıb. Apelyasiya məhkəmələrində də an azı bir və ya iki zal bu avadanlıqlarla təmin edilib. Dünya Bankı ilə aparılan islahatlar çərçivəsində videokonfrans avadanlıqlarının daha çox zallarda quraşdırılması təmin olunacaq. Bu, həm işə tez baxılması, həm insan hüquqlarının qorunması baxımından məqsədəuyğundur. Onu da qeyd edim ki, məhkəmə proseslərinin onlayn formada keçirilməsində ən əsas meyar proses iştirakçısının razılığının alınmasıdır. Çünki bizim hər birimiz vətəndaşlara xidmət edirirk", – deyə R.Qurbanov bildirib.
O qeyd edib ki, hazırda CEPEJ-də videokonfrans vasitəsilə məhkəmə iclaslarının keçirilməsinə dair vahid Avropa standartlarının hazırlanması üzərində işlər görülür.
Xəyalə Bünyatova
