Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə prosesdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Bununla əlaqədar olaraq, proses iştirakçılarına müvafiq bildirişlər göndərilir. Lakin bəzi hallarda vətəndaşlar məhkəmə bildirişi almadıqlarını və onların məlumatı olmadan iclas keçirildiyini iddia edirlər. E-huquq.az-ın redaksiyasına müraciət edən vətəndaş Ali Məhkəmədə belə bir problemlə üzləşdiyini qeyd edib.
Məsələni araşdırmaq üçün Ali Məhkəmənin mətbuat katibi Allahverdi Məmmədliyə müraciət etdik. O, e-huquq.az-a açıqlamasında belə bir halın mümkünsüz olduğunu deyib. A.Məmmədli bildirib ki, tərəflərə mütləq qaydada məhkəmə iclasının keçiriləcəyi barədə məlumat göndərilir.
"Tərəflərin xəbəri olmadan Ali Məhkəmədə işə baxılmır. Onlara bu barədə əvvəlcədən bildiriş göndərilir. Ola bilər ki, poçt vasitəsilə göndərilən bildirişin çatmaması ilə əlaqədar belə bir problem yaşansın. Amma bilirsiniz ki, artıq bu bildirişlər də vətəndaşlara elektron qaydada göndərilir. Məlum olduğu kimi, Ali Məhkəmədə işlərə kassasiya yolu ilə baxılır. Yəni aşağı instansiya məhkəməsində qəbul edilən qərarların qanunvericiliyə uyğun olub-olmamasına baxılır. Əgər qərar qanunvericiliyə uyğundursa, təsdiq olunur. Yox, əgər qanunvericiliyə uyğun deyilsə, yenidən baxılması üçün aşağı instansiya məhkəməsinə göndərilir".
A. Məmmədli qeyd edib ki, bəzi hallarda isə tərəflərin iclasda iştirakı vacib olmur: "Bu zaman tərəflərin iştirakı olmadan işə baxılır. Amma istənilən halda iclasın keçirilməsi barədə vətəndaşa bildiriş göndərilir. Yəni vətəndaş işə baxılmasından xəbərdar olur".
