Məzmuna keç

Ali Məhkəmə “Range Rover”lə qəza törədən polis əməkdaşı ilə bağlı prokurorluğun protestini təmin etmədi

Ali Məhkəmədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən sabiq polis əməkdaşı Xəyal Məmmədov barəsindəki qərardan prokuror tərəfindən verilən kassasiya protestinə baxılıb.

Bu barədə e-huquq.az-a X. Məmmədovun vəkili Əli Hüseynov məlumat verib. O qeyd edib ki, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə kassasiya protesti təmin olunmayıb və X. Məmmədov barəsində çıxarılan bəraət qərarı qüvvədə saxlanılıb.

İttihama görə, ötən il iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi “Range Rover” markalı avtomobillə Rahib Əliyevin “Ford” markalı avtomobili toqquşub. Qəza nəticəsində “Ford”un sürücüsü və sərnişini – Orxan Orucovla Rahib Əliyev hadisə yerində ölüb. Məlum olub ki, qəza baş verən zaman “Range Rover”in sükanı arxasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, çavuş Xəyal Məmmədov olub. O, dərhal saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək istintaqa təhvil verilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.Məmmədova bəraət verilib. O, məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan prokurorluq apelyasiya protesti verərək, təqsirləndirilən şəxsin həbs olunmasını istəyib. Lakin apelyasiya protesti təmin olunmayıb. Bundan sonra qərardan kassasiya protesti verilib.