Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin ötən günkü Sərəncamları ilə bir sıra birinci instansiya məhkəmələrinə hakimlərinin təyin edilməsi, həmçinin Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin təşkil edilməsi ilk baxışdan cari prosedur kimi görünsə də əslində məhkəmə-hüquq ictimaiyyəti, habelə, vətəndaşlarımız üçün əlamətdar hadisədir.
Sirr deyil ki, hakim sayına görə Azərbaycan Avropa hüquq məkanı standartlarından xeyli geridə qalır. Əlbəttə, hakimlərin sayının azlığı baxılan işlərin keyfiyyətinə, həmçinin baxılma sürətinə təsir eməyə bilməz. Üstəlik prosessual qanunvericilikdə işin çevikliyinə maneçilik törədən bəzi formallıqların hələ də qalması, məhkəmədən kənar həll edilməsi mümkün olan işlərin hələ də məhkəmə müstəvisində realizəsi əlavə çətinliklər törətməkdədir. Əlbəttə belə gərgin iş yükü fonunda hakimin özünüinkişafı, müasir məhkəmə presedentlərini izləməsi və yeni hüquqi baxışları davamlı olaraq mənimsəməsi üçün kifayət qədər zamanı qalmaması da qərar, qətnamə, hökm və qərardadların keyfiyyətinə təsirsiz ötüşmür. Bütün bunların fonunda hansısa rayon məhkəməsinə hətta bir hakimin təyinatı məhkəmənin yükünü gözlə görüləcək şəkildə azaldır. Bu isə öz növbəsində vətəndaşların normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunması, qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verilməsi, şəxsiyyət, cəmiyyəti və dövlətin cinayətkar qəsdlərdən, şəxsiyyətin vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorunması, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması, təqsirli şəxsləri cəzalandırmaq və təqsirsizlərə isə bəraət verilməsi məsələləri başda olmaqla qarşıya qoyulmuş ümdə vəzifələrin keyfiyyətli icrasına əhəmiyyətli təsir göstərəcək.
Digər Sərəncamla, prezident İlham Əliyevin Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin təsis etməsi də Azərbaycanda cinayət-mühakimə icraatının vəzifələri, əsas prinsipləri və şərtlərinin reallaşdırılmasında xüsusi əhəmiyyətə malik olacaq. Qeyd edim ki, Sərəncama qədər ağır və xüsusilə ağır cinayət əməlləri üzrə cinayət işlərinə baxılması, habelə ekstradisiya məsələlərinin həll edilməsini Bakı, Gəncə, Naxçıvan MR, Lənkəran və Şəki Ağır Cinayətlər Məhkəmələri həyata keçirirdi. 25 hakimdən ibarət Bakı Ağır Cinayətlər Məhkəməsi, yurisdiksiyası Bakı, Sumqayıt, Abşeron, Xızı, Siyəzən, Şabran, Xaçmaz, Quba, Qusar, Qobustan, Şamaxı, Şuşa, Zəngilan, Qubadlı rayonlarını kimi geniş arealları əhatəlməklə xüsusi ilə yüklənmişdi. Yalnız Bakıda 2,5 milyondan çox insanın rəsmi qeydiyyatda olmasını nəzərə alsaq yüklənmənin real vəziyyətini anlamaq elə də çətin deyil. Bu mənada Sumqayıt şəhərində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təşkil edilməsi, həm Bakı Ağır Cinayətlər Məhkəməsi, həm də çox güman ki, Sumqayıt şəhəri və Şimal bölgələrinin əhatələyəcək yeni təsis olunan Məhkəmənin özünün ərazi yurisdiksiyası üzrə ağır və xüsusilə ağır cinayətlərə dair işlərə və digər materiallara baxılmasının keyfiyyətinə və işin tezliyinə əhəmiyyətli təsir edəcək.
Bəhruz Məhərrəmov
Milli Məclisin deputatı
h.ü.f.d. dos.
