Azərbaycanda məhkəmə-hüquq sistemində islahatlar davam edir. Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələrinə hakimlərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla “Məhkəmələr və hakimlər haqqında” qanunun 94-cü və 96-cı maddələrinə uyğun olaraq, hakim vəzifəsinə namizədlər birinci instansiya məhkəmələrinin hakimləri təyin ediliblər.
Yeni təyinatlar məhkəmə-hüquq sisteminə necə təsir göstərəcək? E-huquq.az məsələ ilə bağlı vəkillərin fikirlərini öyrənib.

"Mirzəyev və partnyorları" Vəkil Bürosunun rəhbəri Səyyad Mirzəyev: “Bildiyiniz kimi, ölkəmizdə bütün sahələrdə idarəçiliyin keyfiyyətli aparılması üçün yeni formalar tətbiq olunur. Bu, həm çevikliyi, həm də keyfiyyəti əhatə edir. Məhkəmə-hüquq sistemində də bu islahatlar özünü göstərir. Ötən gün cənab Prezidentin bir sıra birinci instansiya məhkəmələrinə yeni hakimlər təyin etməsi də bu islahatlardandır. Azərbaycanda əhalinin sayına görə hakimlərin sayı bir çox ölkələrdən geridə qalırdı. Bu da iş yükünün çoxalmasına, hakimlərin vaxtında məhkəmə qərarı çıxara bilməməsinə, ümumilikdə işlərin keyfiyyətinə mənfi təsir edirdi. Düşünürəm ki, yeni hakim təyinatları bu problemin həllinə müsbət təsir göstərəcək. Həmçinin, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yaradılması da iş yükünün azalmasına, qərarların obyektiv və keyfiyyətli şəkildə qəbul olunmasına çox böyük təsir edəcək”.

Bakı şəhəri 20 saylı Vəkil Bürosunun rəhbəri İlhamə Həsənova: “Yeni təyin olunmuş hakimlər hüquq sahəsində fəaliyyət göstərən, tam hazırlıqlı, vicdanlı, dürüst, hüquqşünas peşəsini sevən və öz işinə məsuliyyətlə yanaşan şəxslərdir. Bu cür namizədlərin hakim vəzifəsinə təyin olunması ədalət mühakiməsində səmərəliliyin artırılmasına öz töhfəsini verəcək. Ona görə də mən bu təyinatları təqdirəlayiq hesab edirəm. Düşünürəm ki, bu islahatlar fonunda, doğurdan da “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 aprel tarixli Fərmanından irəli gələn vəzifələr layiqincə icra olunur. Onu da qeyd edim ki, yeni hakimlər arasında Bakı şəhəri 20 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Əli Əliyev də yer alıb”.

Sumqayıt Regional Vəkil Bürosunun rəhbəri Anar Qasımlı: “Məhkəmələrin hakim korpusunun say tərkibinin azlıq təşkil etməsi müəyyən problemlər yaradan haldır. Hesab edirəm ki, yeni hakim təyinatları ilə hakimlərin iş yükünün çoxluğu, bununla əlaqədar olaraq, işlərə baxılması üçün kifayət qədər vaxtın olmaması, məhkəmə proseslərinin vaxtında başlamaması və bu kimi digər halların müəyyən bir qisminin aradan qaldırılması mümkün olacaq. Yeni hakimlərin təyini məhkəmələrdə iş yükünün bölgüsündə mühüm rol oynayacaq. Təyin olunan yeni hakimlər arasında tanıdığımız savadlı və təcrübəli insanlar var. Ölkədə aparılan məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində onların üzərinə böyük öhdəlik düşür. Onlar yeni nəsildir, sıfırdan başlayan hakimlərdir. Hakim kimi hansısa neqativ fəaliyyətləri yoxdur. İndiki halda da onlar bu işlərə başlayarkən məhkəmə-hüquq islahatlarının əsas qayəsini ön plana çəkib fəaliyyət göstərsələr, ölkəmiz üçün çox faydalı olar. Arzu edirəm ki, yeni hakimlər məhkəmə-hüquq islahatlarının reallaşması üçün ciddi səy göstərəcəklər”.

Bakı şəhəri 26 saylı Vəkil Bürosunun rəhbəri Paşa Səfərov: “Yeni təyin olunan hakimlərin demək olar ki, böyük əksəriyyəti gənc kadrlardır. Onların bir çoxu məhkəmə orqanlarının əməkdaşları olub, məhkəmə iclas katibi, hakim köməkçisi və sair vəzifələrdə işləyiblər. Eyni zamanda bu siyahıda Vəkillər Kollegiyasının üzvü olan şəxslər də var. Yəni bu şəxslər artıq məhkəmə işi ilə təcrübi baxımdan tanışdırlar. Ona görə də hesab edirəm ki, bu üstünlüklər daha yaxşı gözləntilərə əsas verir. Həmçinin, əvvəlki təyinatlarla müqayisədə bu dəfə qadın namizədlərin sayı üstünlük təşkil edir. Düzdür, bu xüsusi bir rol oynamasa da, balansın qorunması təkmilləşməyə gətirib çıxara bilər. Çünki bizdə belə bir fikir var ki, hakimlik ağır işdir və bununla kişilər məşğul olmalıdır. Təbii ki, bu, düzgün yanaşma deyil”.

"Yusif Allahverdiyev və partnyorları" Vəkil Bürosunun rəhbəri Yusif Allahverdiyev: “Hakimlərin sayının artması ilə onların iş yükü azalacaq. Belə olduqda işə baxılması da daha effektiv olur. Bilirsiniz ki, hazırda elektron məhkəmə sistemi fəaliyyət göstərir. Hesab edirəm ki, hakimlərin hamısının elektron məhkəmə sisteminə cəlb olunması həm onlar, həm də vəkillər üçün çox yaxşı olardı”.
Xəyalə Bünyatova
