Məzmuna keç

“Vəkilin adının “Elektron məhkəmə” informasiya sisteminə daxil edilməsi müzakirə predmetidir”

"Hazırda "Elektron məhkəmə" informasiya sistemində hakimdən başqa bütün proses iştirakçılarının adı anonimləşdirilir. Vəkillərin adının sistemə daxil edilməsi isə müzakirə predmetidir. Vəkilin anonimləşməsinə ehtiyac varmı? Bu məsələni vəkillər özləri müzakirə etməlidirlər".

Bunu e-huquq.az-a açıqlamasında Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti, Bakı Apelyasiya Məhkəməsinin hakimi Ramin Qurbanov deyib.

Onun sözlərinə görə, vəkillərin adlarının "Elektron məhkəmə" informasiya sistemində görünməsi onların istəyinə bağlıdır. R. Qurbanov hesab edir ki, vəkilin anonimləşməsinə zərurət olmaya da bilər: "Çünki bir vəkilin bir neçə müştərisi olur və məhkəmədə bir neçə şəxsi təmsil edə bilər. Burada əsas məqsəd tərəflərin məxfiliyini, şəxsi məlumatları qorumaqdır. Ona görə də vəkillə bağlı bu problem yoxdur. Çünki vəkil prosesualdır, şəxsdir. Yeri gəlmişkən, hesab edirəm ki, cinayət işlərində ittiham tərəfi olan prokurorluğun nümayəndələrinin də adının məxfiləşdirilməsi mənasızdır. Ancaq hər halda bu gün üçün biz onları məxfiləşdirmişik. Fikrimcə, hakimlə bağlı məlumatlar qalmalıdır. Amma elə hakimlər var ki, deyir hamının adını məxfiləşdirirsinizsə, mənim adımı niyə saxlayırsınız? Amma mən bunun əleyhinə oldum. Çünki ictimai nəzarət baxımından hakimin adı qalmalıdır".

Xəyalə Bünyatova