“Ali Məhkəmənin saytında axtarış sisteminin təkmilləşdirilməsi üçün işlər görülməkdədir”.
Bunu e-huquq.az-a açıqlamasında Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti, Bakı Apelyasiya Məhkəməsinin hakimi Ramin Qurbanov deyib.
“Hazırda Ali Məhkəmənin saytında axtarış açar sözlərlə aparılmır. Açar sözlərlə bağlı iş gedir və hər iş növünə görə açar sözlər müəyyənləşdirilməlidir. Bu müəyyənləşdirildikdən sonra sistemdə açar sözlər üzrə axtarış ediləcək.
İnzibati icraat üzrə çıxarılan qərarların axtarışı üçün Ali Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən sınaq olaraq açar sözlər müəyyən edilib. O açar sözlər üzrə Ali Məhkəmənin qərarları daxilində axtarışı genişləndiriblər. Bu, birgə layihədir və indi üzərində iş gedir. Əgər buna dəstək verilsə, lazım olduğu təsdiqlənsə, mülki sahə üzrə, cinayət işləri üzrə, kommersiya mübahisələri üzrə də açar sözlər hazırlanar”, – deyə o qeyd edib.
R.Qurbanov bu sahədə beynəlxalq təcrübənin öyrənildiyini bildirib: “Açar sözlər necə olmalıdır, bu bizə nə verir, ümumilikdə bununla bağlı beynəlxalq təcrübə öyrənilir. Çünki açar sözlərin sayı çox olarsa, axtarış mümkün olmayacaq. Ona görə də əsas açar sözlərdən istifadə edilməlidir”.
Xəyalə Bünyatova
