“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanına uyğun olaraq mühüm qanunlar qəbul edilib, o cümlədən cəza siyasəti humanistləşdirilib, karantin şəraitində elektron xidmətlərin göstərilməsi və məhkəmə proseslərində müasir informasiya-kommunikasiya texnologiyalarının və elektron idarəetmənin tətbiqi genişləndirilib".
E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov Ali Məhkəmə və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə “Hakim və vəkil, prosessual və qeyri-prosessual münasibətlər” mövzusunda keçirilən videokonfrans formatında dəyirmi masada çıxış edərkən deyib.
O, Fərmandan irəli gələn tələblərin icrası ilə əlaqədar ötən il ölkəmizdə məhkəmə-hüquq sistemində aparılan mütərəqqi islahatlar, yenilənmə tədbirləri haqqında danışıb və məhkəmə-hüquq sisteminin daha da təkmilləşdirilməsi yönümündə görülən işləri müsbət dəyərləndirib.
Ali Məhkəmənin sədr müavini, həmçinin, hazırda təcrübədə rastlaşılan hakim-vəkil münasibətlərinin etik tərəflərinə də toxunub və Fərmanın icrası üçün bunun xüsusi əhəmiyyətini vurğulayıb.
