CEPEJ Azərbaycanda icra sisteminin təkmilləşdirilməsinə dəstək məqsədi ilə həyata keçirdiyi layihə çərçivəsində iki mühüm sənəd hazırlayıb.
Avropa Şurasının Bakıdakı Ofisindən e-huquq.az-a verilən məlumata görə, sənədlər CEPEJ ekspertləri cənab Mathieu Chardon və cənab Jos Uitdehaag tərəfindən yerli məsləhətçilərin milli maraqlı tərəflərlə sorğular əsasında apardığı onlayn qiymətləndirmənin nəticələrinə əsasən hazırlanıb.
Birinci sənəd icra sistemindəki bütün tələblər üzərində daha geniş monitorinq və nəzarəti dəstəkləmək məqsədilə icra sistemindəki xüsusi fəaliyyət göstəricilərini müəyyənləşdirir:
Məhkəmə qərarlarının icrası sisteminin səmərəliliyinin göstəriciləri qismində və icra məmurunun fəaliyyətinin qiymətləndirilməsi məqsədilə məhkəmə qərarlarının icra müddətləri və vəsaitlərin geri qaytarılmasının faiz göstəriciləri sisteminin qurulmasına dair tövsiyələr
Digər sənəddə hazırda icra sistemində İKT-nin mövcud istifadəsi təhlil olunur və digər ölkələrdə təcrübəyə və qabaqcıl praktikaya əsaslanaraq İKT həllərinin gələcək inkişafına dair tövsiyələr verilir: Azərbaycanın məhkəmə qərarlarının icrası sisteminə dəstək üçün İKT həllərinin inkişaf etdirilməsinə dair ekspert rəyi
Bu sənədlər Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II (PGG II) çərçivəsində həyata keçirilən, Avropa İttifaqı və Avropa Şurası tərəfindən birgə maliyyələşdirilən və Avropa Şurası tərəfindən icra edilən “Azərbaycanda məhkəmə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılması” CEPEJ əməkdaşlıq layihəsi çərçivəsində hazırlanıb.
