Bakı Apelyasiya Məhkəməsində narkotik vasitələrin dövriyyəsində və qaçaqamalçılıqda təqsirləndirilən Anar Məmmədovun barəsindəki hökmdən prokurorluq tərəfindən verilən apelyasiya protestinə baxılıb.
E-huquq.az xəbər verir ki, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, protest təmin edilməyib, bəraət hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb.
Vəkil Ceyhun Yusifov faktı təsdiqləyərək qeyd edib ki, hüquqlarını müdafiə etdiyi şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçirdiyi əməliyyat nəticəsində saxlanılmışdı.
"Lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun ədalətli hökmü ilə Anar Məmmədova bəraət verildi. Buna görə mən hər iki hakimə təşəkkür edirəm. Bakı Apelyasiya Məhkəməsinin bu qərarı ilə artıq bəraət hökmü qanuni qüvvəyə mindi", – deyə vəkil bildirib.
Qeyd edək ki, təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 234.4.1 ( Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 206.3.2. (Qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülmüşdü.
