Məzmuna keç

“Şəhidlərimizə qarşı edilən hörmətsizliyə görə ictimai qınaq formalaşdırılmalıdır”

Xəbər verdiyimiz kimi, Fuad Rəsulzadə adlı sosial şəbəkə istifadəçisi şəhid Xudayar Yusifzadə ilə bağlı paylaşımına görə bir qrup şəxs tərəfindən döyülüb. Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çoxları şəhidin ünvanına xoşəgəlməz fikirlər səsləndirən şəxsin döyülməsinə haqq qazandırsa da, bəzi insanlar düşünür ki, bu cür şəxslərin cəzalandırılması üçün xüsusi qanun qəbul edilməli və şəhid adının qorunması təmin edilməlidir.

E-huquq.az məsələ ilə bağlı Milli Məclisin deputatı Nəsib Məhəməliyevin fikirlərini öyrənib. Xalqımızın şəhidlərə münasibətinin ən yüksək səviyyədə olduğunu deyən deputat bəzi şəxslərin səsləndirdiyi fikirlərin onların öz əxlaq və mənəviyyatından irəli gəldiyini deyib.

“Azərbaycan cəmiyyəti kifayət qədər sağlam əqidəli, vətənpərvər və milli ruhu hər şeydən üstün tutan bir cəmiyyətdir. Tək-tək şəxslər istisna olmaqla, xalqımızın şəhidlərə münasibəti ən yüksək səviyyədədir. Bunu dövlət başçımız cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın timsalında demək olar ki, hər gün görə bilərik. Onların şəhidlərə olan münasibəti, şəhid ailələrinin sosial qayğılarının dövlət tərəfindən qarşılanması, onların problemlərinə ciddi yanaşılması dövlətin bu sahədə apardığı siyasətin bariz nümunəsidir. Qaldı ki, bəzi insanların cahillikdən irəli gələrək şəhidlərin ünvanına uyğun olmayan fikirlər səsləndirməsinə, bu sadəcə əxlaq və mənəviyyat məsələsidir. O insanın fərdi cahilliyindən irəli gəlir. Düşünürəm ki, bu kimi hallar icitmai qınaq mövzusuna çevrilməlidir. Həmin şəxsin kimliyi ictimailəşdirilməlidir və cəmiyyət özü o insana yerini göstərməlidir. Ümumiyyətlə, belə hallar çox nadirən baş verir. Ona görə də hesab edirəm ki, şəhidlərimizlə bağlı tənqidi və ya təhqiramiz fikirlər səsləndirən şəxslərin cəzalandırılması üçün xüsusi qanunun hazırlanmasına ehtiyac yoxdur. Həmin şəxslərin inzibati və ya cinayət məsuliyyətinə cəlb olunması onların törətdiyi əmələ görə qiymətləndirilməlidir”, – deyə o qeyd edib.

Deputat şəhidlərlə bağlı xoşagəlməz fikirlər səsləndirən şəxsin fiziki zorakılığa məruz qalmasına da münasibət bildirib: “Bu cür şəxsləri döymək, fiziki xəsarətlər yetirmək cinayət məsuliyyəti yaradır. Hər nə qədər yalnış olsa da, səsləndirdiyi fikirlər əsas vermir ki, 5-10 nəfər insan yığılaraq həmin şəxsi belə vəhşicəsinə döysünlər. Bu, qanun pozuntusudur, xuliqanlıqdır. Belə hallar yolverilməzdir”.

Qeyd edək ki, Daxili İşlər Nazirliyindən (DİN) sosial şəbəkə istifadəçisi Fuad Rəsulzadənin döyülməsi ilə bağlı yayılan görüntülərin araşdırıldığı və insidentdə iştirak edən şəxslərin müəyyən olunması istiqamətində tədbirlərin davam etdirildiyi bildirilib.

Xəyalə Bünyatova