Məzmuna keç

İngiltərədə 4,3 milyon funt-sterlinq dəyərində xəzinə tapılıb

İngiltərədə metal detektorları ilə axtarış aparan bir qrup Somerset qraflığının Çyu Vadisi (Chew Valley) ərazisində 2584 ədəd qədim gümüş sikkə aşkar edib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə 2019-cu il yanvarın 26-da baş verib. Həmin gün Adam Steypls və onun altı nəfərlik komandası Çyu Vadisində metal detektorları vasitəsilə axtarış apararkən torpağın səthinə yaxın ərazidə güclü siqnallar əldə ediblər. Qazıntı zamanı aşkarlanan gümüş sikkələrin sayı 2400-ü ötüb.

Tapıntılar qanunvericiliyə uyğun araşdırma və ekspertiza prosesinin aparılması üçün Britaniya Muzeyinin mütəxəssislərinə təhvil verilib. Araşdırmalar nəticəsində təxminən 1000 il əvvələ aid olduğu ehtimal edilən ümumilikdə 2584 gümüş sikkədən ibarət kolleksiyanın dəyəri 4,3 milyon funt-sterlinq müəyyən edilib. Bu tapıntı ölkə tarixində aşkar edilmiş ən dəyərli xəzinələrdən biri kimi qeydə alınıb.

Xəzinənin əldə edilməsi üçün ödənilən məbləğ torpaq sahibi ilə tapıntını aşkar edən komanda arasında bərabər bölüşdürülüb.

Hazırda Britaniya Muzeyində qorunan qədim sikkə kolleksiyasının Bat (Bath) şəhəri də daxil olmaqla, müxtəlif şəhərlərdə sərgilənməsi nəzərdə tutulur. Regional sərgilər başa çatdıqdan sonra xəzinənin Somersetə qaytarılması və Taunton şəhərində yerləşən Somerset Muzeyində daimi nümayiş etdirilməsi planlaşdırılır.

Şəbnəm Mehdizadə